AUT.AZ

İkardi “Qalatasaray” rəhbərliyinə xəbər göndərdi – Nə istəyir?

“Qalatasaray” klubunun ulduz futbolçusu Mauro İkardi gələcək karyerası ilə bağlı yeni qərar qəbul edib.

Aut.az xəbər verir ki, bu ilin yayında PSJ-dən icarə əsasında İstanbul klubuna transfer edilən argentinalı futbolçu komandada qalmaq istəyir. O, meneceri vasitəsilə klub rəhbərliyinə daha uzun müddət “sarı-qırmızı”lı formanı geyinmək istədiyini bildirib.

İkardi həm komandanın çıxışından, həm də ona olan münasibətdən razı qaldığını söyləyib. Özünə bəslənən böyük ümidləri də nəzərə alan ulduz futbolçu İstanbul təmsilçisinə tamhüquqla transfer olunmasını istəyib.

Ancaq bunu reallaşdırmaq “Qalatasaray” üçün heç də asan olmayacaq. Çünki PSJ İkardiyə görə “cim-bom”dan 30 milyon avro tələb edir. Amma Paris təmsilçisinin bu istəyi transfer müqaviləsində öz əksini tapmayıb.

Bundan başqa, futbolçunun maaşı da çox yüksəkdir. Argentinalı forvard PSJ-dəki illik məvacibi 6,75 milyon avro idi. “Qalatasaray” onu icarəyə götürdükdən sonra bu məbləğin sadəcə 750 min avrosunu ödəyir. Fransa çempionu qalan 6 milyon avronu qarşılayır. Türkiyə təmsilçisi hazırda futbolçuya bu qədər yüksək məbləğdə maaş ödəmək iqtidarında deyil. Bu transferin reallaşması üçün İkardi ən azı 3 milyon avro güzəşt etməlidir.

Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm “Qalatasaray” formasıyla yalnız Super Liqa oyunlarına çıxıb. O, 6 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Exit mobile version