AUT.AZ

Emin Mahmudovu jurnalistlərin seçimi təəccübləndirib

“İstəyərəm ki, həmişə ilin ən yaxşısı olum. Açığı, bu il problemlərimiz oldu. Konfrans Liqasında yaxşı çıxış etmədik. Çempionatda isə gözləmədiyimiz, 3-cü yerdəyik. Amma 2-ci dəfə bu ada layiq görüldüyüm üçün sevinirəm”.

Aut.az xəbər verir ki, bu sözləri Publika.az-aaçıqlamasında “Neftçi”nin və milli komandanın kapitanı Emin Mahmudov deyib. İdman Araşdırmaları Mərkəzinin jurnalisltər arasında keçirdiyi sorğuya əsasən ilin futbolçusu seçilən 30 yaşlı yarımmüdafiəçi bunu gözləmədiyini bildirib. O, eyni zamanda sözügedən nominasiyada favorit gördüyü futbolçuların adlarını da açıqlayıb:

“Keçən il olduğu kimi bu il də yaxşı oynayan futbolçu yoldaşlarım var idi. Ötən il Mahir Emreli yaxşı çıxış etmişdisə, bu il Ramil Şeydayev və Renat Dadaşov ən yaxşılar idilər. Ramillə Renatı seçərdim. Onlar bu mükafata layiq idilər”.

Daha sonra komandasının ölkə kubokundakı çıxışı barədə danışan Mahmudov favorit göstərilmələrinə rəğmən, ciddi rəqiblərlə mübarizə aparacaqlarını söyləyib:

“Zirə” bizim üçün çətin rəqib idi. Arıdıcıl 2 dəfə bizi kubokdan kənarlaşdırmışdılar. Birinci oyunda uduzmuşduq. Ona görə çalışdıq yaxşı oynayaq və qələbə qazanaq. Onlar da yaxşı çıxış edirdilər. Şükür Allaha qələbə qazanıb, yarımfinala vəsiqə qazandıq. Hamı bizi favorit görür, kuboku qazanacağımızı gözləyirlər. Amma çətin olacaq. “Turan” heç də asan rəqib deyil. Eləcə də digər rəqiblər. Amma biz çalışacağıq ki, əlimizdən gələnin maksimumun edib, kuboku qazanaq”.

Mövsümün sonunda Emin Mahmudovun “Neftçi” ilə müqaviləsinin müddəti başa çatacaq. Futbolçunun gələcək karyerası barədə müxtəlif informasiyalar yayılır. O isə bu barədə düşünmək istəmir:

“Açığı, çətin dövrdən keçirdik. Nə müqavilə, nə də getmək barədə fikirləşmirdim. Yazılanları oxuyurdum, amma həmin informasiyalara fikir vermirdim. İndi də elədir. Bir oyunumuz qalıb. Bütün diqqətim “Şamaxı” ilə bizim üçün vacib olan görüşə yönəlib. Bütün fikrimi “Neftçi”yə yönətmişəm, başqa heç nə fikirləşmirəm”.

Exit mobile version