Region Liqasının “Karvan” (Yevlax) – “Şəki Siti” oyununda qalmaqal baş verib.
Aut.az xəbər verir ki, matç 84-cü dəqiqədə hesab 2:1 olarkən yarımçıq dayandırılıb. Buna səbəb qonaq komandanın meydanı tərk etməsi olub. Ancaq maraqlıdır ki, qarşılaşmanın sonuna 7 dəqiqə qalmasına baxmayaraq, hakim final fitini səsləndirib və “Şəki Siti” məğlub hesab edilib.
Klub məsələ ilə bağlı AFFA Region Liqası kuratorlarını, AFFA-nı məlumatlandırıb. Onlar matçın yenidən oynanılması və ya qalan vaxtın neytral meydanda davam etdirilməsini tələb edir.
Klub rəhbəri Elgün Hüseynov oyun ərzində hakim haqsızlığına məruz qaldıqlarını, futbolçuların təhlükəsizliyi üçün meydandan çıxdıqlarını söyləyir:
“Matç başlamazdan öncə bir neçə dəfə rəqib komandaların lisenziyalarını yoxlamağı tələb etsək də, hakim buna məhəl qoymadı. Start fitindən dərhal sonra isə oyunçumuz ağır zədə aldı və xəstəxanada özünə gəldi. Onun yerinə meydana çıxan futbolçumuzu da zədələdilər. Heç bir halda hakim vərəqə göstərmədi. İlk hissədə hakimlər heç mərkəzi keçməyimizə imkan vermədilər. Rəqibin texniki zonasında 10 nəfər ayaq üstə olsa da, bizim 2 nəfər olmağımıza imkan vermədilər. Oyunun canlı yayımı var idi. Onu da siliblər. 83-84-cü dəqiqələrdə rəqib qol vurdu və azarkeşlər meydana axışıb, futbolçularımızı təhqir etməyə başladılar. Biz də bunu görüb komandanı meydandan kənarlaşdırdıq. Soyunub-geyinmə otağına çatanda fit səsi eşitdik ki, matç başa çatdı. Əslində isə biz ara sakitləşəndən sonra davam etmək istəyirdik. Matç başa çatmadı, yetirəncə dayanmalar olmasına baxmayaraq, əlavə dəqiqələr oynanmadı”.
Futbolpress.az