AUT.AZ

Messinin karyerasındakı ən təsirli anlar FOTOLARDA

Bu günlərdə bütün dünya, sadəcə bir nəfəri müzakirə edir. Söhbət, əlbəttə ki, Lionel Messidən gedir. O, dünya çempionatının qalibi olmaqla futboldakı missiyasın tamamlasa da, hələ bir müddət sevənləri üçün futbol oynamağa davam edəcək.

Aut.az demək olar, hər şeyə nail olan Messinin karyerasının ən önəmli anlarını fotolarla təqdim edir:.

2004-cü ilin oktyabrı – “Barselona”da debüt etdi

17 yaşlı Leo Kataloniya derbisinin – “Espanyol”la matçın 82-ci dəqiqəsində Dekonun yerinə meydana çıxdı. Bununla da dünya futbolunda yeni bir dövr başladı. Baxmayaraq ki, o zaman heç kim bu barədə məlumatlı deyildi.

2005-ci ilin mayı – İlk qol

Messi debütdən sonra ilk qolunu 6 ay gözləməli oldu. Ancaq buna dəyərdi! Ronaldinyonun şedevr ötürməsindən sonra Leo cərimə meydançasının kənarından baxımlı qola imza atdı.

2006-cı ilin iyunu – Dünya çempionatında ilk qol

Leo qrup mərhələsində Serbiya və Çerneqoriya ilə qarşılaşmanın (6:0) sonuna 15 dəqiqə qalmış meydana daxil oldu. Və dərhal fərqləndi…

2007-ci ilin martı – “El-Klassiko”da het-trik

Messi İspaniya futbolundakı imzasını “El-Klassiko”da atdı. Həmin gün “Barseselona” qalib gələ bilməsə də (3:3), lakin gənc futbolçu üçün uğurlu alındı. “Real” iki dəfə hesabda önə keçsə də, argentinalı forvard komandasının xilaskarı oldu.

2007-ci ilin apreli – Tarixi solo qol

“Xetafe” ilə matç Leonun karyerasının ən unudulmaz oyunlarından biridir. O, topu qəbul etdikdən sonra meydançanın yarısı boyunca bütün rəqiblərini aldatdı. Demək olar ki, rəqib komandanın yarısını geridə qoydu. Sonluq da reyd kimi gözəl yekunlaşdı.

2008-ci ilin avqustu – Olimpiada qızılı

Messi Argentina milli komandalarındakı ilk titulunu Pekində keçirilən Olimpiya Oyunlarında qazanıb. Həlledici görüşdə cənubi amerikalılar Nigeriyaya qalib gəliblər.

2009-cu ilin mayı – “El-Klassiko”da yeni tarix

Bu oyun barədə çox söz yazmağa ehtiyac yoxdur. Yaddaşınızı təzələmək üçün hesabı yazmaq kifayət edir – 6:2. “Barsa” tarixindəki ən uğurlu derbilərdən biri idi. Messi də bu görüşdə sözünü demişdi.

2009-cu ilin mayı – Messi başla qol vurur

“Mançester Yunayted”lə həmin tarixdə baş tutan oyun Leonun karyerasındakı ilk ÇL finalı idi. Hər şey həm “Barselona”, həm də Messi adına gözəl alındı. Onun Rio Ferdinand kimi nəhəng futbolçunun yanında baş zərbəsiylə vurduğu qol bu gün də unudulmur.

2012-ci ilin martı – Penta-trik

Həmin mövsüm UEFA Çempionlar Liqasında möhtəşəm çıxış edən Messi bir daha adından söz etdirdi. Bu dəfə o, “Bayer Leverkuzlen”lə görüşdə 5 qol vurmaqla gündəmə gəldi. Etdiyi penta-trik Leonu yenə manşetlərin bəzəyinə çevirmişdi

2014-cü ilin noyabrı – La Liqa tarixinin ən yaxşı bombardiri oldu

“Barselona” La Liqanın 2013/14 mövsümünün 12-ci turunda “Sevilya”nı 5:1 hesabı ilə məğlub etdi. Messi həmin görüşdə het-trik etdi və çempionatın ən məhsuldar futbolçusuna çevrildi.

2021-ci ilin iyulu – Daha bir ilk

Kopa Amerikanın finalında əzəli rəqibi Braziliyanı məğlub edən Argentina çempion oldu. Bununla da futbolçu əsas millisi ilə ilk kubokunu qazandı.

2022-ci ilin dekabrı – Nəhayət o gün gəldi çatdı

İndi isə ən yaxın tarixə nəzər salacağıq. 35 yaşlı Lionel Messi 2 gün öncəyə qədər karyerasındakı bütün mümkün titulları qazanmışdı, amma birindən başqa. Söhbət Dünya Kubokundan gedir. Möhtəşəm final matçında 2 qol vuran Messi, “Qızıl ilahə”ni başı üzərinə qaldırdı.

Exit mobile version