AUT.AZ

“Neftçi”nin baş məşqçisi “Bugatti” tələb etdi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyanın “Universitatya Krayova” klubuna keçidi baş tutmayıb.

Aut.az xəbər verir ki, Krayova təmsilçisi 47 yaşlı mütəxəssislə müqavilə imzalamaqdan imtina edib. Bu barədə klubdan “gsp.ro” saytına bildirilib. Qeyd olunub ki, Regekampfın istəkləri rəhbərliyi razı salmayıb.

“Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru təcrübəli baş məşqçiyə “Bugatti” avtomobili və aylıq 40 000 avro təklif etmələri ilə bağlı yayılan xəbərə isə bu cür münasibət bildirib:

“Övladlarımdan biri avtomobil modelləri ilə yaxından maraqlanır. Bu mənada “Bugatti”nin öhdəsindən gələ biləcəyimi düşünürəm. Aylıq 40 000 avro məvacibə gəlincə, problem ondan ibarətdir ki, mən bu qədər pulu haradan alacağımı bilmirəm”.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, Azərbaycan klubuna keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”ya rəhbərlik edib.

Exit mobile version