AUT.AZ

DÇ-2022-nin mükafat fondu – Kim, nə qədər qazandı?

DÇ-2022-nin finalında Fransanı məğlub edərək (3:3, penaltilər seriyası 4:2) çempion olan Argentina millisinin qazanacağı mükafat bəlli olub.

Aut.az xəbər verir ki, sözügedən ölkənin futbol federasiyası əldə edilən uğura görə futbolçuların hər birinə 1,3 milyon avro ödəyəcək. Argentinalı futbolçuların mundialdakı qazancı tək bu məbləğ olmayacaq.

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) final matçından dərhal sonra komandaya 10 milyon dollar ayırdığını açıqlayıb. Bu məbləğin yarısı futbolçulara çatacaq.

Komandanın çempionluğuna görə Argentina Futbol Assosiasiyasının (AFA) FİFA-dan alacağı mükafat 40 milyon avrodur. AFA-nın marketinq və yayıma görə əlavə gəlir əldə edəcəyi bildirilir. Bundan başqa, federasiyanın texniki əməkdaşlıq etdiyi “Adidas” şirkəti Argentina millisinin, xüsusilə Lionel Messiyə məxsus formaların tükəndiyini elan edib. Qurum bu satışdan da payını alacaq.

Fransalı futbolçulara gəlincə, onlar dünya çempionu titulunu qoruya bilsəydilər, hərəyə 1 milyon avro qazanacaqdılar. Bununla belə, Fransa Futbol Federasiyası gümüş medal qazanan komandanın üzvlərinə adambaşı 500 min avro mükafat vəd verib. Federasiyanın özünün FİFA-dan qazanacağı məbləğ isə 30 milyon avro olacaq.

Ali futbol qurumu üçüncü yerin sahibi Xorvatiya millisinə 26, dördüncü olan Mərakeşə isə 24 milyon avro ödəniş edəcək.

Qeyd edək ki, FİFA DÇ-2022-dən rekord məbləğdə – 10,5 milyard dollar gəlir əldə edib.

Exit mobile version