AUT.AZ

Mərakeş üçün ilk, Xorvatiya üçün 3-cü cəhd

Qətərdə keçirilən Dünya çempionatında bu gün 3-cü yer uğrunda görüş keçiriləcək.

Aut.az xəbər verir ki, bürünc medalın sahibinin adına Xorvatiya – Mərakeş oyununda aydınlıq gələcək. Bu, komandaların DÇ-2022-dəki ikinci dueli olacaq. F qrupunda yer alan millilərin ilk tura təsadüf edən görüşündə hesab açılmayıb.

Bu qarşılaşma Afrika təmsilçisi üçün tarixi əhəmiyyət kəsb edir. Çünki tarixdə ilk dəfə bu qitədən milli komandanın mundialda medal qazanmaq şansı var. “Atlas aslanları”na qədər heç bir komanda 1/4 final səddini aşa bilməyib. Mərakeş müsəlman dövlət olduğundan bu komandanın çıxışı islam dünyasında böyük maraqla gözlənilir. Onlara qədər Türkiyə DÇ-2002-də bürünc medal qazanmaqla çoxsaylı müsəlman azarkeşlərini qürurlandıra bilib.

Xorvatiyaya gəlincə, bu ölkə 1998-ci ildən Dünya çempionatlarının iştirakçısıdır. Qətərdəki yarış ”damalılar”ın sayca 6-cı mundialıdır. Bu komanda yalnız 2010-cu ildə CAR-da keçirilən turniri kənardan izləyib. Xorvatlar iştirak etdikləri 5 Dünya Kubokundan 2-də medal qazanıblar. Fransada keçirilən DÇ-1998-də 3-cü olan komanda 20 il sonra Rusiyada gümüş medala sahib çıxıb. Zlatko Daliçin rəhbərlik etdiyi komanda ardıcıl ikinci mundialı medalla başa vurmağı hədəfləyir.

Paytaxt Dohadakı “Xəlifə stadionu”nda keçirilək görüş saat 19:00-da başlayacaq. Matçı qətərli FİFA referisi Əbdülrəhman Əp-Jassimin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, DÇ-2022-nin qalibinin adına sabah aydınlıq gələcək. Saat 19:00-da başlayacaq həlledici görüşdə Argentina və Fransa üz-üzə gələcək.

DÇ-2022, 3-cü yer uğrunda oyun

17 dekabr

19:00. Xorvatiya – Mərakeş

Doha. “Xəlifə Stadionu”.

Hakim: Əbdülrəhman Əp-Jassim (Qətər)

Exit mobile version