AUT.AZ

Dostu Vüqar Həşimovdan danışdı

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinə sayılı günlər qalıb. 8-ci dəfə keçiriləcək yarışda 7 ölkədən “zəka ustası” mübarizə aparacaq. Ölkəmizi turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Abdulla Qədimbəyli və Aydın Süleymanlı təmsil edəcək. Van Hao (Çin), Valeho Pons (İspaniya), Semuel Şenklend (ABŞ), Riçard Rapport (Rumıniya), Qukeş Dommaracu (Hindistan) və Nodirbek Abdusattorov (Özbəkistan) da baş mükafat uğrunda mübarizə aparacaq.

Aut.az xəbər verir ki, 17 – 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq turnirin favoritlərindən olan Rauf Məmmədov təəssüratlarını Publika.az saytı ilə bölüşüb. Təcrübəli qrossmeyster dostu və keçmiş komanda yoldaşı olan Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirdə iştirak etməkdən məmnun olduğunu söyləyir:

“Mən çox şadam ki, bu turnir ənənəvi hal alıb. 2014-cü ildən keçirilən “Vüqar Həşimov Memorialı” yalnız 2020-ci ildə pandemiyaya görə baş tutmadı. Ötən il bərpa edildi. Vüqar Həşimov turniri mənim üçün böyük əhəmiyyət kəsb edir. Çünki Vüqarla uşaqlıqdan bir yerdə olmuşuq. O, mənim yaxın dostum olub. Vəfatından sonra belə turnirin keçirilməsi və bunun ənənəvi hal alması onu göstərir ki, Vüqar heç vaxt unudulmayacaq. Bu turnir davam etdikcə, o da bizimlə olacaq. Mən həmişə onu bizim yanımızda hiss etmişəm. İstər bu yarışda, istərsə də “Vüqar Həşimov” komandasında çıxış edəndə, mənə elə gəlirdi ki, o, bizimlə bir yerdədir”.

34 yaşlı şahmatçı turnirdəki hədəfindən danışıb:

“Mənim sevimli idman növlərimdən biri də futboldur. Futbolda “vur, dağıt, qalib gəl” prinsipləri var. Həm də belə deyilir ki, yaxşı oyun yaxşı nəticə gətirir. Mən də yaxşı şahmat oynamaq istəyirəm. Yaxşı oyun, yaxşı nəticələr gətirir. Mən ən yaxşı partiyanı Vüqar Həşimov üçün oynamaq istəyirəm. İstəyirəm ki, o, bunu görsün”.

Rauf Məmmədov rəqibləri barədə də fikirlərini bölüşüb:

“Turnirin səviyyəsi və iştirakçılar məni qane edir. Demək olar ki, hamı formadadır. İştirakçıların bir qismi təcrübəlilərdir. Gənc iştirakçılar da var. Onlar da mübariz və gələcəyi olan şahmatçılardır. Vüqar Həşimov turniri onlar üçün yaxşı təcrübə olacaq. Rəqiblərimə ciddi yanaşıram, turnirin maraqlı idman mübarizəsi vəd etdiyini deyə bilərəm”.

Exit mobile version