AUT.AZ

Rekordlar, rekordlar…

Qətərdə keçirilən dünya çempionatının yarımfinalında Mərakeş millisini 2 cavabsız qolla məğlub edən Fransa həlledici qarşılaşmaya vəsiqə qazanmaqla yanaşı, bir sıra rekordlara imza atıb.

Aut.az xəbər verir ki, “xoruzlar” dünya çempionatlarnda ardıcıl 2 dəfə finala çıxan 6-cı yığmadır. Didye Deşamın rəhbərlik etdiyi kollektiv DÇ-2018-də də həlledici görüşə vəsiqə qazanmışdı. Daha əvvəl İtaliya (1934, 1938), Braziliya, Niderland (1974, 1978), Almaniya (1982, 1986, 1990) və Argentina seçmələri də ardıcıl 2 dəfə bu uğura imza atıblar.

Fransızlar, eyni zamanda, dünya çempionatlarının pley-off mərhələlərində qələbə seriyasını 7 matça yüksəldiblər. Komanda dörd il əvvəl Rusiyada keçirilən mundialdan etibarən qrup mərhələsindən sonrakı qarşılaşmalarında rəqiblərini məğlubiyyətə uğradıb. Bu baxımdan rekord Braziliya millisinə məxsusdur. Cənubi Amerika təmsilçisi 1958-1970-ci illər aralığında baş tutan dünya çempionatlarının pley-offlarında ardıcıl 9 qələbəyə sevinib.

Son dünya çempionları son 7 yarışda 4-cü dəfə həlledici oyuna vəsiqə qazanıb. Bu isə istənilən ölkə yığmasının göstəricisindən 2 dəfə çoxdur. Avropalılar daha əvvəl 1998, 2006 və 2018-ci il mundiallarının finalında oynamaq imkanı əldə edib. Fransızlar bunların ikisində (1998, 2018) dünya çempionu olmağı bacarıb.

Fransa millisinin baş məşqçisi Didye Deşam tarixə düşüb. O, bir komandanı ardıcıl 2 dünya çempionatının finalına çıxaran 4-cü məşqçi olub. Bunu əvvəllər İtaliyadan Vittorio Potso (1934 və 1938), Argentinadan Karlos Bilardo (1986 və 1990) və Almaniyadan Frants Bekenbauer (1986 və 1990) edib.

Mərakeşlə oyun Fransa yığmasının müdafiəçisi Teo Ernandes üçün də əlamətdar olub. “Milan”ın futbolçusu görüşün başlamasından 4 dəqiqə 39 saniyə sonra qol vuraraq, 1958-ci ildən bəri dünya çempionatının yarımfinalları tarixində ən sürətli qol vuran futbolçu olub. DÇ-1958-in yarımfinalında Braziliya millisinin futbolçusu Vava matçın 2-ci dəqiqəsində Fransaya qol vurub

Qeyd edək ki, Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Exit mobile version