AUT.AZ

Hansı sözünə inanaq, Maşallah müəllim?

Futbolçu olduqlar vaxt “Neftçi” 10-cu pillədən yuxarını görməyib. Amma iddiaları yerə-göyə sığmır. Maşallah Əhmədovla İsgəndər Cavadovu deyirəm.

Bir müddətdir ki, Əhmədov susmur, danışır. İsgəndər Cavadov da izləyir. Cavadov danışa bilməz. Nöşün ki, kağız üzərində olan federasiya üçün ildə 200 min manat alıb xərcləyir.  Yığma komandalar da hara gedirsə, bu da orada olur mütləq. Yəni alır, yeyir, gəzir, kef edir.

Amma indi nə planları varsa, Maşallah Əhmədovu verib qabağa, danışdırır. Biz də qalmışıq girinc, bilmirik onun hansı sözünə inanaq.

Məsələn, “Futbol+” qəzetinə verdiyi açıqlamada əvvəlcə deyir ki, Rövnəq Abdullayevə təşəkkür edirəm ki, bu vəzifəyə gəldi. Yəni AFFA prezidenti oldu. İki-üç cümlədən sonra isə valı dəyişir. Prezidentə müraciət edir, deyir ki, futbolun başında futbol adamları, futbolu bilənlər olmalıdır. Rəhmətliyin nəvəsi, o dediyin nə, bu dediyin nə? Rövnəq Abdullayev futbol adamıdır, futboldan başı çıxır? A tövbə, düz 14 ildir ki, “feyr-pley”lə “pley-off”un fərqini başa sala bilmirik ona.

Bir də görürsən deyir ki, Çingiz Abdullayevə, Fərhad Bədəlbəyliyə böyük hörmətim var, amma onlar futbol adamları olmadıqları üçün “Neftçi”nin Müşahidə Şurasında olmamalıdırlr. Sonra da qayıdır ki, Rövşən Nəcəfin Müşahidə Şurasının sədri olmasını dəstəkləyirəm.

Rövşən Nəcəf futbol adamıdır, Ay Maşallah müəllim? Sənə and verirəm, İsgəndər Cavadovun “Nistru”dakı möhtəşəm karyerasına, bizi girinc etmə, de görək, sənin hansı sözünə inanaq?

Natiq Muxtarlı

 

 

 

 

Exit mobile version