AUT.AZ

Foqtsun və Byazinin “taktika”sından yararlanan Regekampf

Artıq bir neçə gündür Rumıniya mətbuatında “Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf barədə xəbərlərin yayıldığını görürük. Onun adı gah “Styaua”yla, gah da “Universitatya Krayova” ilə yanaşı hallanır. “Ağ-qaralar”ın uğursuz çıxış etdiyi bir dövrdə rumın çalışdırıcı haqqında bu qədər məlumatın yayılması təsadüfdürmü?

Əlbəttə ki, xeyr. Biz artıq belə informasiyalara adət etmişik. Milli komandanın baş məşqçisi Canni De Byazi də tez-tez gündəmə gəlir. Onun da adı müxtəlif komandalarla yanaşı hallanır. Əvvəllər də belə hallar olub. Yığmanın sabiq çalışdırıcısı Berti Foqtsla bağlı az qala hər gün bir xəbər yayılırdı. AFFA ona qapını göstərəndən sonra alman məşqçi televiziya kanallarından başqa heç kimə lazım olmadı. Nikola Yurçeviçi də bu siyahıya aid edə bilərik. Beləcə, adını sadalayacağımız kifayət qədər məşqçi var ki, piarı yaxşı olsa da, Azərbaycandan sonra heç bir yerdə özünə iş tapa bilməyib.

Aut.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a danışan “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev düşünür ki, bu hal normaldır. Çünki belə məşqçilər özlərini gündəmdə saxlamağa çalışırlar:

“Məşqçilərin adları ətrafında gəzələn xəbərlər həmişə olub, olacaq da. Çünki hər birinin bir məqsədi var. Özünü gündəmdə saxlamaq və dəyərli olduğunu göstərmək. Biz illərdir bu işin içindəyik. Hansı məşqçiyə təklifin olub-ola bilməcəyini yaxşı bilirik. Məsələn, Canni De Byaziylə bağlı xəbərlər yayılıb. Hər dəfə bir komandadan təklif aldığı yazılır. Real təklif olsaydı, De Byazi çoxdan çıxıb getmişdi. Düşünmürəm ki, ona Azərbaycanda işləmək rahatdı. Ola bilər ki, yaşayış baxımından çətinliyi olsun. Amma iş baxımından istədiklərini burada görə bilmir. Onun düşüncəsiylə Azərbaycan futbolunun reallığı üst-üstə düşmür. Ona qarşı tənqidlər də çoxalıb son zamanlar. Tənqidlərin öhdəsindən gəlmək üçün işləmək, yeniliklər etmək lazımdır. O da De Byazi də yoxdur. Onun dövrü bitib. Sadəcə AFFA başqa alternativ axtarmaq istəmədiyi üçün o buradadır. Onun şansı olsaydı, buradan çoxdan qaçardı. De Byazinin Polşa millisini çalışdıracaq potensialı yoxdur.

Laurentsiu Regekampfa gəlincə, onun məsələsi başqadır. O, daha yaxşı mütəxəssisdir. “Neftçi”dəki ilk vaxtlarında işini sübut etmişdi. Ailə məsələri ilə bağlı qalmaqal yaşayandan sonra həm özü, həm də komandası eniş yaşadı. Bu da təbiidir. Onun haqqında da xəbərlər yayılır. Düşünürəm ki, bu, onun agentlərinin işidir. Hər bir rumıniyalının ölkəsində işləmək istəyindən təbii heç nə ola bilməz. Onun haqqında yayılan xəbərlər də real deyil. Amma De Byazi ilə müqayisədə bu ehtimalların 15-20%-i realdır.

Ümumi götürəndə, hər ikisi özünü rəhbərliyə dəyərli göstərmək istəyir ki, “görürsüz, mənə təklif var, amma getmirəm”. Bu, məşqçilərin ənənəvi taktikasıdır”.

 

Exit mobile version