AUT.AZ

Messi hamıdan yaxşı oldu, nənəcan, kefini fərəh tut!

Felicidades, Leo Messi
Təbrik edirəm, Leo Messi

Tanrı bu bəstəboy oğlanı çox sevir. Əbəs yerə deməyiblər, futbol yerdə oynanılır, həm də ağılla oynanılır, başın düşündüyünü ayaqlar yerinə yetirsin gərək. Messidə bu, düz 30 ildir ideal alınır. Buna, məncə, kimsə zərrə şübhə etməz daha! Hər nə qədər də şəxsinə qarşı qlobal miqyasda qəribə bir həsəd, paxıllıq, gözgötürməzlik olsa da. İştirak elədiyi bütün mundiallarda belə idi, komandasını dartıb gətirirdi, ancaq nə etsin ki, futbol komanda oyunudur və hər kəs bir-birini gərək tamamlasın ki, böyük uğur baş versin. Məncə, bu dəfə alınacaq. Bu çempionluğu çox arzulayan mərhum Dieqo Armando Maradonanın ruhunu şad etmək üçün Messi və dostları bu dəfə Dünya Kubokunu başı üzərlərinə qaldırmağa borcludurlar!

Hə, bir də gərək bunu mütləq deyəm. Leonel Messi hər şeyi məhz onu dünyalar qədər sevən, nəfəsini nəfəsindən aldığı rəhmətlik nənəsinə borcludur. Məncə, bu, birmənalıdır. Onu lap kiçik yaşlarından əlindən tutub akademiyaya gətirən, “…balaca olmasına baxmayın, o, hamıdan yaxşı olacaq” deyən, təkid edən, məşqçilərinə bu gerçəyi inandıran bir qarı nənəyə. Kimsənin hələ xəbəri olmayanda, məhz nənə nəvəsinin bir gün Dünyanı özünə heyran buraxacağını, dahi, əvəzedilməz futbolçu olacağını bilirmiş. Messi hamıdan yaxşı oldu, nənəcan, kefini fərəh tut! Hə, hə, doğru xatırladınız, Leonun, hər dəfə qol vurduqdan sonra əllərini göyə qaldırıb dodaqaltı nə isə pıçıldadığı, nəhayətsiz səmaları fəth edən, Tanrının dərgahında və mələklərinin əhatəsində olan nənəsi haqqında danışırıq. Onu futbola daha çox bağlayan müqəddəs mübarək İnsanın ruhu indi daha rahatdır. Nənə həlledici amildir Messinin keşməkeşli həyatında. Arvad oralarda indi nə deyibsə…

…Uzun sözün qısası, Vamos Argentina! 😉✌️🇦🇷

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqan Müavini

Exit mobile version