AUT.AZ

İntiqam gecəsi – Mərakeşlilərə zülm edən bu düşməndən də qisas alınacaq?

Bu gün futbolsevərin diqqəti DÇ-2022-də ikinci finalçının adını müəyyənləşdirəcək Fransa – Mərakeş matçına yönəlib. Sözügedən qarşılaşma futbol dünyası üçün mundial oyunu kimi maraqlı olsa da, mərakeşlilər tamam fərqli hisslər yaşayırlar. Afrika təmsilçisi bu görüşə qisas döyüşü kimi baxırlar.

Fransanın bu qitədə uzun müddət davam edən müstəmləkəçilik siyasətinin qurbanlarından biri də məhz mərakeşlilər idi. 110 il əvvəl fransızların bu ölkəyə hücumu və orada törətdiyi ağır cinayətlər insanların nə qəlbindən, nə də beynindən silinməyib. Ona görə də, bu matç onlar üçün böyük əhəmiyyət kəsb edir.

Fransa və Avropa mətbuatı bu məsələni gündəmə gətirməkdən tamamilə yayınır. Onlar bu oyunu sadə bir yarımfinal matçı kimi qələmə verirlər. Amma Afrikada vəziyyət fərqlidir. Mərakeş millisinin mundialdakı uğurlu çıxışı milyonlarla insana sevinc və ümid bəxş edib. Onlar düşünürlər ki, bu qarşılaşmada illər əvvəl baş verən hadisələrin kiçik bir hissəsinin intiqamını almaq olar.

Sizə maraqlı ola bilər ki, Mərakeş üçün bu matçı prinsipial edən məqam nədir. Gəlin 110 il əvvələ – hadisələrin cərayan etdiyi 1912-ci ilə göz gəzdirək. Gözü Afrikanın zəngin torpaqlarında olan Fransa həmin ilin mart ayında Mərakeşi müstəmləkəsinə çevirdi. Mərakeş sultanı vəzifəsində qalsa da, iki ölkə arasında imzalanan protokola görə müstəqilliklərini tamamilə itirmişdilər. Hətta ölkənin bayrağının üzərinə fransanı rəmzi əlavə edilmişdi. Təbii ki, mərakeş xalqı vəziyyətlə barışmaq niyyətində deyildi. Fransızlar ayağa qalxan, müstəqillik tələb edən insanların qarşısını silahla alırdılar. Onlar həbs edilən gəncləri edam edirdilər. Ən dəhşətlisi isə həmin anların şəkillərini çəkib poçt nişanına çevirmələri idi. Ancaq Mərakeş xalqı Fransa zülmünə qarşı mübarizədən heç vaxt geri addım atmadı. Onlar arzularına 1956-cı ildə çatdılar. Həmin il Mərakeş müstəqilliyini elan etdi.

Mərakeş təkcə Fransanın deyil, İspaniyanın da müstəmkəçilik siyasətindən əziyyət çəkib. Ölkənin cənubu uzun illər ispan zülmünün qurbanı olub. Ancaq uzun zaman sonra şans mərakeşlilərin üzünə gülüb. Sanki Qətərdəki dünya çempionatı onlar üçün düşmənləriylə hesablaşmaq imkanı yaradıb. 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdırmaqla xalqına sevinc bəxş edən “atlas aslanları” indi Fransadan intiqam almaq arzusu ilə yaşayırlar. “Xoruzlar”la görüş onlar üçün hesablaşmaq, fransız zülmünün qurbanı olan babalarının ruhlarını şad etmək baxımından olduqca önəmlidir.

Qeyd edək ki, Fransa – Mərakeş matçı bu gün saat 23:00-da keçiriləcək. (Publika.az)

Exit mobile version