AUT.AZ

Od tutub yanan qiymətlər

DÇ-2022 bitmək üzrə olsa da, təşkilatçı ölkə Qətərlə bağlı maraqlı xəbərlər yayılmaqda davam edir. Fərqli mədəniyyət, fərqli idarəçilik, müasir dövrün bir sıra tələblərinə cavab verməyən bu ölkəyə qonaqlar üçün uyğunlaşmaq elə də asan deyil. Həyatda hər şeyə, hər vəziyyətə çarə tapmaq olar. Bircə qidalanmayla bağlı məsələ olduqca mürəkkəbdir. Yemək seçimi insanlara, zövqlərə, hətta ağız tamına görə dəyişir. Qətərin şərq dövləti olduğunu nəzərə alsaq, qərb ölkələrindən gələnlərin üstünlük təşkil etdiyi mundialda kulinariya baxımından problemlər qaçınılmaz ola bilər.

Orada olanların yazdıqlarına, danışdıqlarına inansaq, Qətərdə gözəl qəhvə, təzə sendviçlər, rulonlar, kekslər və kruasanlar tapmaq olar. Qəlyanaltılar üçün çoxlu seçim var. Ancaq içki baxımından seçimlər elə də çox deyil. Bir nəfərlik yüngülvari nahar təqribən 13 AZN-ə başa gəlir. Daha kefiyyətli nahar üçün 23 AZN xərcləməlisiniz. Stadiondaxili mərkəzlərdə qiymətlər üç dəfə bahadır.

Bu o deməkdir ki, azarkeşlər Qətərdə olduqları müddətdə qidalanmaq və içkidən istifadə etmək üçün xeyli vəsait xərcləməlidirlər. Əsas məsələ bu deyil. Bizə maraqlıdr ki, azarkeşlər yeməklər və içkilərdən nələri bəyənirlər, nələri yox? Vəziyyətdən razıdırlarmı?

Virmondes Bomtempo (Braziliya): “Mən pendir çörəyini bəyənmədim, amma toyuq şaurması əla idi. Çox dadlıdır. Qiymətlər bir az yüksəkdir. Hot-doq – 11 AZN, şaurma 13,50 AZN, burger isə 19 AZN-dir. Əsas problem stadionlarda spirtli pivənin olmamasıdır. Pivə olan yerlərdə – otellər və pullu fan-zonalarda qiymətlər astronomik cəhətdən bahadır – 27 AZN. Mənim üçün Dünya Kuboku sevinc, azadlıq və bayramdır, amma bütün bunları bir yerdə qeyd etmək üçün pivə azdır”.

Fidel Viyera (Ekvador): “Məncə, stadionlarda, xüsusən də Dünya Çempionatı vaxtı yemək almaq pis fikirdir. Oyunun dəqiqələrini qaçıra bilərsiniz və bu, böyük günahdır. Ərzaq baxımından burada hər şey gözlənilir – qiymətlər yüksəkdir, amma dünya çempionatı üçün normaldır. Köhnəlmiş sosislərə və konservləşdirilmiş çörəyə görə isə çox məyusuq”.

Bruno Varani (Argentina): “Yeməklərin keyfiyyətindən razı qaldım, ancaq 2-3 variantın olması xoşuma gəlmədi. Dünya çempionatında seçim daha geniş olmalıdır! Mən Barselonada yaşayıram, qiymətlər Avropadakından bir qədər yüksəkdir, amma çox deyil”.

Alan Medel (Meksika): “Yemək pisdir, hər şey çox pisdir. Şaurma və hamburgerlər dadsız və bahalıdır. Supermarketdə eyni içkinin qiyməti 1, stadionda isə 5 AZN-dir. Bu necə mümkündür? Alkoqolsuz pivə üçün isə 13.50 AZN. Bu, tamamilə cəfəngiyyatdır”.

Görünən odur ki, mundialın təşkilatçılığına görə nə az, nə çox, düz 300 milyard dollar xərcləyən Qətər vəsaiti geri qaytarmaqda maraqldıır. Qiymətlərin hərtərəfli baha olması bundan xəbər verir. (Publika.az)

Exit mobile version