AUT.AZ

“Neftçi”ni orada da kötəkləyəcəklər?

Azərbaycan Premyer Liqasında 17-ci tura dekabrın 13-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

Bu oyundan uzaq dursanız yaxşıdır

Turun açılış oyunu Şamaxıda olacaq. “Şamaxı” “Zirə”ni qəbul edəcək. Əminliklə demək olar ki, turun açılış oyun gərgin mübarizə vəd edir.

Zarafat deyil, bir neçə tur əvvəl aşkar autsayder olan “Şamaxı” hazırda ortabab statusundadır. Üstəlik, şamaxılılar ötən tur hər komandanın bacarmadığını ediblər – “Sabah”dan xal alıblar. Özü də səfərdə. İndi doğma meydanda “Zirə”ni niyə büdrətməsinlər. Üstəlik, “Zirə” də heç cür öz oyununu tapa bilmir. İndi gəl, bu komandaların oyunu üçün proqnoz ver. Mərcevərlər, belə qarşılaşmalara “üçbaşlı” oyun deyirlər, ondan uzaq dursanız yaxşıdır.

Aut.az-ın proqnozu: “Şamaxı”nın qələbəsi – 305, heç-heçə – 40%, “Zirə”nin qələbəsi – 30%.

 

Bu dəfə çətin ki, aman olsun

Günün digər qarşılaşmasında “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Ötən həftə bu komandalar kubok qarşılaşmasında üz-üzə gəliblər və “Qəbələ” səfərdən qollu heç-heçə ilə qayıdıb. Yenə də sürpriz ola bilər? Heç ağlımız kəsmir. “Qarabağ” bir komandaya yalnız bir dəfə güzəşt edər. Bu dəfə aman olmayacağını iddia edirik.

Aut.az-ın proqnozu: “Qarabağ”ın qələbəsi – 60%, heç-heçə – 20%, “Qəbələ”nin qələbəsi – 20%.

 

Stadion amili nə olur-olsun…

İkinci oyun günündə ilk qarşılaşma Gəncədə olacaq. “Kəpəz” “Sabah”ı qəbul edəcək. Gəncə stadionunun durumundan hər komanda narazılıq edir. Deməli, “Sabah”ı da orada rahat oyun gözləmir. Amma stadion amili nə olur-olsun, “tələbələr” bu qarşılaşmanı birnəfəsə keçirməyə borcludurlar. Gəncə səfərində itiriləcək xal “Sabah”ı “çempionluq qatarı”ndan salacaq. Onda sonra “Sabah” geriyə Gəncə-Bakı qatarı ilə qayıtsa, daha münasib olar.

Aut.az-ın proqnozu: “Kəpəz”in qələbəsi – 20%, heç-heçə – 30%, “Sabah”ın qələbəsi – 50%.

 

Bu qarşılaşmada məğlub olan komanda çətin ki…

Günün digər qarşılaşmasında “Sumqayıt” “Səbail”i qəbul edəcək. Nəhayət, Samir Abasov “Sumqayıt”a süni nəfəs verə bildi. Ötən tur ilk qələbəsini qazanan komanda bunun ardını gətirə biləcək? Bunun üçün yaxşı şans da var. Rəqib, komada olan “Səbail”dir. Bu qarşılaşmada məğlub olan komanda çətin ki, bir daha turnir cədvəlinin zirzəmisindən çıxa bilsin.

Aut.az-ın proqnozu: “Sumqayıt”ın qələbəsi – 40%, heç-heçə – 30%,  “Səbail”in qələbəsi – 30%.

 

“Neftçi”nin işi Allaha qalıb, deyəsən

Turun son qarşılaşması Tovuzda olacaq. “Turan Tovuz” “Neftçi”ni qəbul edəcək. “Ağ-qaralar”ın işinin asan olmayacağı dəqiqdir. Adama sual edərlər ki, “Neftçi”nin hansı oyunda işi asan olur ki? Bu mövsüm “Neftçi”yə hansı komanda şapalaq vurmayıb? Ona görə də “ağ-qaralar”ı Tovuzda da kötəkləsələr, qətiyyən təəccüblənmərik. “Neftçi”nin işi Allaha qalıb, deyəsən.

Aut.az-ın proqnozu: “Turan Tovuz”un qələbəsi 30%, heç-heçə – 40%, “Neftçi”nin qələbəsi – 30%.

Aut.az

 

 

 

 

Exit mobile version