AUT.AZ

Qəzaya düşən Ceyhun Haşımovun qardaşı danışdı – “Təəccüblənirik ki…”

Yevlaxda ağır avtomobil qəzasına düşən hakim-inspektor Ceyhun Haşımov əməliyyat olunacaq.

Aut.z xəbər verir ki, bu barədə Publika.az saytına onun qardaşı, sabiq FİFA laynsmanı Mübariz Haşımov məlumat verib. O, dekabrın 10-da qəzaya uğrayan qardaşının əməliyyat olunacağını bildirib:

“Ceyhunun çanaq və büd sümüyündə sınıq var. Hələ ki ağrıları davam edir. Cümə günü əməliyyat olunacaq. Onunla birlikdə ciddi xəsarətlər alan hakim Elmin Süleymanov da xəstəxanada müalicə olunur. AFFA hər ikisinin durumunu diqqətdə saxlayır”.

Mübariz Haşımov qardaşının durumunun ağır olmasının səbəbini və qəzanın təfərrüatlarını da açıqlayıb:

“Qardaşım avtomobili idarə edən şəxs olub. Zərbə də məhz qardaşım tərəfdən olub. Qəzaya səbəb olan maşın əks istiqamətdən gəlib və onların yoluna çıxıb. Ceyhun hadisə anında maşını qaçırdığına görə, zərbə onun tərəfdən olub və sonda sağ qalıblar. Üzbəüz toqquşsaydılar, ordan sağ çıxan adam olmazdı. Maşının şəkillərinə baxanda adam təəccüblənir ki, ordan necə sağ çıxıblar. Nəticədə qardaşım sükanın arxasında əlləri, ayaqları sıxılmış vəziyyətdə qalıb. Ceyhunu maşından FHN əməkdaşlarının köməkliyi ilə çıxarıblar. Elmin Süleymanov da həmin vaxt arxada oturub. Zərbə onu da güclü tutub. Təssüf ki, qəzaya səbəb olan sürücü avtomobilində tək olub və hadisə yerindəcə vəfat edib. Keçmiş hakim Rövşən Əhmədov və oyuna ezam olunmuş PFL əməkdaşları özlərini hadisə yerinə çatdıraraq əllərindən gələn köməkliyi ediblər. Digər hakimlər Yevlax şəhər xəstəxanasına aparalıblar. Həyati təhlükələri olmadığından AFFA tərəfindən Mingəçevirdə otelə yerləşdiriliblər. Onlar artıq Bakıdadırlar”.

Xatırladaq ki, hadisə dekabrın 10-da axşam saatlarında Birinci Divizionun 14-cü turu çərçivəsində baş tutan “Mingəçevir” – “Qaradağ Lökbatan” matçından sonra hakimlər Bakıya qayıdarkən baş verib. Baş hakim Rövşən Rəcəbov, laynsmanlar Elmin Süleymanov və Asif Abdullayev, dördüncü hakim Rəsul Babayev, hakim-inspektor Ceyhun Haşımovun olduğu maşın Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub. Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Exit mobile version