Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-nin tərk etdikdən sonra komandanın digər üzvləri ilə sosial şəbəkələrdəki yazışmalarını yayımlayıb.
Aut.az xəbər verir ki, 30 yaşlı hücumçu bunu yığmanın mundial zamanı ailə kimi olduğunu göstərmək üçün edib. Neymar Xorvatiya ilə 1/4 final matçında həlledici penaltini dirəyə vuran müdafiəçi Markinyosa mesaj yazaraq dəstəyini nümayiş etdirib:
“Necəsən? Demək istəyirəm ki, mən hələ də sənin fanatınam. O an, sənə münasibətimdə heç nəyi dəyişmədi. Mən həmişə səninləyəm və bunu bilirsən. Səni sevirəm!”

O, daha sonra komandanın ən təcrübəli futbolçusu, 38 yaşlı Tiaqo Silvaya da ürək sözlərini göndərib:
“Qardaş, mən çox istəyirdim ki, bu dünya çempionatında sənə qələbə qazandırım. Sən və Dani Alveş buna layiq idiniz… Ancaq Allahın öz planları var”.

Neymar gənc komanda yoldaşı Rodriqoya isə ruhdan düşməməyi tövsiyə edib. Eyni zamanda, onun gələcəkdə Braziliyanı dünya çempionu edəcəyinə inandığını bildirib:
“Mən sizin nəslin Braziliyanın ulduzları olmasını görmək istəyirəm! Penaltiləri, yalnız vuranlar əldən verir. Karyeram boyunca bir neçə səhv etdim, amma öyrəndim və heç vaxt təslim olmadım. Təkmilləşdirməyə və özümdə ən yaxşısını axtarmağa davam etdim. Sizi çox bəyənirəm, ümid edirəm ki, tənqidlər və bu ittihamlar sizi daha da gücləndirəcək. Mən sənə həmişə demişəm və deyəcəyəm: Braziliyanı dünya çempionu edəcəksən. Sənə bütün pis fikirlərdən uzaq olmağı və əvvəlkindən daha yaxşı geri qayıtmağı arzulayıram”.

Qeyd edək ki, Neymar, uğursuzluqdan sonra millidən ayrılan baş məşqçi Titeni də dəstəkləyib və ona təşəkkür edib.