AUT.AZ

Azərbaycanlı idmançıların cinayətə meyilli olması – Şok səbəblər

Əfsuslar olsun ki, bu gün gənclər aralarındakı mübahisəni ağıl, təmkin və səbirlə həll etməyə deyil, güc nümayiş etdirməyə üstünlük verirlər. Bu hal son zamanlar peşəkar idmanla məşğul olanlar arasında da geniş yayılıb. Valideynlər, təəssüf ki, övladlarını “sağlam bədəndə sağlam ruh olar” devizi ilə deyil, “özünü qorumağı öyrən, səni vura bilməsinlər, sən onları döy” prinsipi ilə idmana qoyurlar. İdmanın mahiyyət və fəlsəfəsinin əksinə aparılan təbliğat isə sonda faciə ilə nəticələnir və ya qarşısıalınmaz böyük problemlərə yol açır. Necə ki, bir müddət öncə aqressiya və intriqa iki idmançının həyatını məhv etdi.

Bəs belə xoşagəlməz halın yaşanmaması üçün nə etməliyik? İdmançılar niyə cinayətə meylli olurlar, harada səhv edirik?

Mövzu ilə bağlı Publika.az-a danışan cüdo paralimpiya yığma komandasının məşqçisi Emin Beydullayev bildirir ki, əsl idmançı heç vaxt şiddətə meyilli olmur.

“Şiddətə meyilli olanlar, idmançı adına ləkə yaxanlardır. İdman mədəniyyətdir. Uşaq məşqə gəldikdən bir-neçə müddət sonra məşqçi bilir ki, ondan professional idmançı olacaq, ya yox. Peşəkar idmançılar isə heç vaxt pis vərdişlərə qurşanmır, aqressiyanı özünə yaxın buraxmır və vaxtını boş şeylərə sərf etmir”.

İdman ustası deyir ki, bəzi valideynlər övladını, güclü olsun, başqalarını döyə bilsin deyə idmana göndərir.

İdmançıların əksəriyyətinin niyə şiddətə meyilli olmasına gəlincə, E.Beydullayev hesab edir ki, bu məsələ fərdidir və hər kəsə aid etmək olmaz: “Şiddətə meyilli olanlar heç vaxt peşəkar ola bilməz. Çünki peşəkar idmançının məşq etməkdən, yarışlara getməkdən əlavə işlərə vaxtı olmur. Ətrafdakılara aqressiya saçan və səbəbsiz intriqa aparan gənclər heç vaxt idmanda uğur qazana bilməzlər”.

Məsələ ilə bağlı  danışan Sosioloq Əhməd Qəşəmoğlu insanın davranışına dörd mühüm amilin təsir etdiyini bildirib:

“Fərdin psixoloji xüsusiyyəti gendən, yəni atadan və anadan gəlir. Burada 6 yaşına qədər olan tərbiyə də mühüm rol oynayır. Həmin dövr elə dövrdür ki, uşaq həm mənfi, həm də müsbət yönlərə meyl edə bilər. Bu, mühitdən də asılıdır. Mühit elə olur ki, mənfi kompleksləri bloklayır. Amma hər zaman belə olmur. İnsanın davranışı, aldığı informasiyadan, üstünlük verdiyi dəyərlərdən asılıdır. Görünür, bu yaxınlarda baş verən bıçaqlanma hadisəsində təqsirləndirilən şəxsə düzgün nəzarət olunmayıb. Yəqin ki, ərköyün böyüdülüb.

Valideyn övladının aldığı informasiyalarla maraqlanmalıdır. Rəşad Dağlı da bıçaqlanma hadisəsi ilə gündəmə gəlmişdi. Onun həbs olunmaması üçün hamı ayağa qalxdı. Yeniyetmələr də buna arxayın olur, deyirlər “mən də edim, nə olacaq ki, atam bir-iki dostunu yığışıb etiraz edər”. Bu, övladlarımız üçün yanlış nümunədir. Əgər bu mövzuda profilaktik tədbirlər görülməsə, valideynlərlə maarifləndirmə işləri aparılmasa, belə problemlər hər il artacaq”.

Psixoloq Vəfa Əkbər isə bu aqressiyanın mənbəyinin “mən” konsepsiyasını təmin etmək istəyində görür. Onun sözlərinə görə, bu istək insanda uşaq yaşlarından yaranır.

“Aqressiya bir canlının digərinə zərər vurması deməkdir. Zərər hər formada – fiziki, mənəvi və verbal ola bilər. Çox vaxt aqressiya yeniyetmələr arasında özünümüdafiə xarakteri daşıyır. Bunun səbəbi yaş dövrünün verdiyi gərginlik, ailədə gördüyü davranış, tərbiyə və ətraf mühitdir.

Yeniyetmə və gənclər arasında belə bir tendensiya var ki, kim özünü daha sərt göstərsə, digərləri üstündə hökmranlıq etmiş sayılır. Valideynlər bilərəkdən və ya bilməyərəkdən uşağı aqressiv davranışa yönəldir. Əsasən də oğlan uşaqlarına qarşı “ağlama, sən kişisən” və s. bu tipli ifadələrlə onların duyğularını ört-basdır edirlər. Bu da aqressiyaya gətirib çıxarır”. (Publika.az)

Exit mobile version