Argentina millisi DÇ-2022-nin yarımfinalında xorvatiyalı futbolçuları təxribata çəkmək niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə Xorvatiyanın “Jutarnij List” qəzeti məlumat yayıb. Argentinanın start heyətində çıxış edən futbolçulardan biri avropalı klub tərəfdaşlarına bildirib ki, onlra xorvatiyalı futbolçuları təxribata çəkmək və ritmdən çıxarmaq tapşırığı verilib. Həmin oyunçu, klub tərəfdaşları ilə video zəng zamanı Argentinanın “Xorvatiyanı 60 dəqiqəyə sındırıb məğlub edəcəyinə” əmin olduğunu söyləyib. Adı açıqlanmayan klubun soyunub-geyinmə otağında o vaxtdan bu söhbət davamlı olaraq müzakirə olunur.
Argentinalılar hesab edirlər ki, Xorvatiya millisinin bəzi oyunçularının “əsəbləri zəifdir”. Argentina millisinin həmin futbolçusu komandasının ya 60 dəqiqə ərzində iki qol vuracağını, ya da xorvatiyalı futbolçunun qırmızı vərəqə alacağını gözləyir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 3 futbolçusuna qarşı tərəfdə psixoloji baxımdan ən zəif hesab edilən oyunçuları təxribata çəkməklə bağlı xüsusi göstərişlər verib. Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu məlumatdan xəbərdardır:
“Biz Argentinanın nə edəcəyini dəqiq deyə bilmərik, amma rəqibi əsəbiləşdirmək, səhv etmək və kart almaq istəyəndə necə davrandıqlarını bilirik. Argentinanın bu taktikasını artıq Hollandiya ilə oyunda görmüşük. Qalib gəlmək üçün əllərindən gələni etməkdən qorxmurlar”.
Qeyd edək ki, Argentina – Xorvatiya dekabrın 13-də qarşılaşacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.