AUT.AZ

Klub prezidenti: “Əclaf insanlar bizdən AFFA-ya şikayət etdi”

Region Liqasında çıxış edən “Ağsu Siti”yə “Füzuli” ilə görüşdə texniki məğlubiyyət verilib. Buna komandanın peşəkar statusu olan futbolçu oynatması səbəb olub.

Aut.az xəbər verir ki, məsələ ilə bağlı klubun prezidenti Rəmzi Eminli “Football-plus.az”-a danışıb:

“Oyunçu çatışmazlığından əziyyət çəkirik. Maliyyə cəhətdən sıxıntılarımız var. Komandanı ayaqda saxlamaq üçün əlimizdən gələni edirik. AFFA söz verdiyi ödənişi etmirdi. “Saatlı” ilə görüşə, ümumiyyətlə, gedə bilmədik. “Füzuli” ilə oyunda heyətimizdə yetərincə futbolçu yox idi. Həmin oyunçu elə də güclü deyil ki, deyim təkbaşına hamını keçib qol vurdu. “Füzuli”də isə hamısı ölkə çempionatında oynamış futbolçulardı.

O heyətlə bu cavanlara qarşı oynamaq utanılası hərəkət idi. Onlar özləri də problemimizin olduğunu bilirdilər. Matçdan öncəki görüşümüzdə rəqibin çalışdırıcısı demişdi ki, “ayıbdır, mən texniki məğlubiyyət istəmərəm. Belə bir heyətlə cavanlara uduzmaq ayıb olar”. Amma sonra gördülər ki, “Ağsu Siti” onlara başağrısı oldu. Buna görə də, üzr istəyirəm, əclaf insanlar bizdən AFFA-ya şikayət etdi.

Qurumdan bildirildi ki, rəqib buna razı olubsa, sizə texniki məğlubiyyət verilməyəcək. Lakin sonradan federasiyadan dedilər ki, “bizə çox böyük təzyiq göstərilir. Bu addımı atmağa məcburuq”. Dünən “Ağsu 06” ilə matçda da başımıza hadisə gəldi. Oyuna gedərkən 2 futbolçumuzun vəziyyəti pisləşdi. “Füzuli” ilə görüşdəki duruma da aydınlıq gətirdim. Rəqibin baş məşqçisinə zəng edib dedim ki, ayıbdır, illərdi Azərbaycan futbolu üçün çiyin-çiyinə vuruşuruq. 3 xala ehtiyacın var idisə, deyərdin, verərdik.

Vəziyyətimizi görürsünüz, bizə qarşı belə etmək düz deyildi. “Saatlı” ilə oyuna da getmədik, 3 xalı verdik onlara. Söz verib sonra arxadan vurmaq Azərbaycan futboluna yaraşmayan bir addımdır. Qanun pozuntusunun əleyhinə olan adamam. Sadəcə, onlara demişdik ki, bu futbolçu bizim sifariş ərizəmizdə yoxdur. Bu məsələdə AFFA-nı qınamıram. Belə klublar ölkə futbolunu öldürür”.

Exit mobile version