AUT.AZ

Azərbaycanlı hakimlər qəzaya düşdü, ölən var

Yevlax rayonunda ağır avtomobil qəzası baş verib.

Aut.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha beş nəfər xəsarət alıb.

Tanrıqulular kəndində “Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar futbol üzrə Azərbaycan 1-ci divizionu çərçivəsində keçirilmiş “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa təyinat almış hakimlər və hakim-inspektordur. Belə ki, Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev, Rəsul Babayev sözügedən matçı idarə edən hakimlər olub. Ceyhun Haşımov isə sözügedən oyunda hakim-inspektor kimi fəaliyyət göstərib. Hadisə onlar oyundan sonra Bakıya qayıdarkən baş verib. Əldə etdiyimiz məlumata görə, Haşımovun çanağı sınıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Exit mobile version