AUT.AZ

Açdı sandığı, tökdü pambığı – “Ronaldo davranışları ilə…”

Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq komandanın sabiq futbolçusu Kriştiano Ronaldo barədə danışıb.

Aut.az xəbər verir ki, niderlandlı mütəxəssis, Ronaldonun ona və komandaya qarşı heç də xoş olmayan davranışlar sərgilədiyini söyləyib:

“Yayda onunla komandada qalıb-qalmayacağı ilə bağlı söhbətimiz oldu. Dedi ki, qalmaq istəsəm 7 gün ərzində deyəcəm. Sonra qalmaq istədiyini dedi. Məlum müsahibəyə qədər başqa bir söhbət olmadı. Bu barədə heç nə eşitməmişdim. Yaşananlar artıq keçmişdə qaldı. Biz gələcəyə baxırıq, irəliləyirik. “Mançester Yunayted” üçün yeni bir gələcək yaratmaq istəyirik. Ronaldo isə bu gələcəyin bir parçası olmaq istəmirdi. Daim yaxşı formada olan futbolçulardan biri olub. O, hər an bizə meydanda kömək edə bilərdi. Bunu hamımız bilirik. Amma o, son zamanlar əvvəlki formasında deyildi. Davranışları ilə vəziyyəti qəlizləşdirirdi”.

Erik Ten Haq Ronaldo ilə gələcək münasibətləri barədə də danışıb. “Onu bağışlayarsınızmı” sualına isə belə cavab verib:

“Mən hər şeyi vicdanla, açıq və şəffaf şəkildə etmişəm. Futbola baxışımla bağlı söhbətlərimiz olub. Ona görə də Ronaldo ilə yenidən danışmaqda problemim yoxdur. Onu bağışlaya bilərəmmi? Belə bir suala cavab vermək istəmirəm. Onunla danışmağa hazıram. Niyə də olmasın? Bəli, mənə hörmətsizlik edib. Amma buna əhəmiyyət vermirəm. Biz irəli gedirik. Bu məsələyə enerji sərf etmək istəmirəm. Hər şey keçmişdə qaldı. Bütün diqqətimi bu mövsüm uğur qazanmaq üçün yönəltmişəm”.

Qeyd edək ki, DÇ-2022 başlamazdan əvvəl Ronaldo “Mançester Yunayted” ilə bağlı rezonans doğuran müsahibə verib. Klubla bağlı verdiyi açıqlamalar səbəbindən İngiltərə təmsilçisi futbolçuyla müqaviləyə birtərəfli şəkildə xitam verib.

Exit mobile version