AUT.AZ

Kamran Quliyev olmaq istəyən Anyelli

İnsan, dünyanın hər yerində eyni xarakterə sahibdir. Boşluq gördüsə, mütləq əliəyrilik, dələduzluq edəcək. Ən sərt, güzəştsiz rejimin olduğu Almaniyada da “Bavariya”nın sabiq prezidenti Uli Hönnes vergi fırıldaqlarına görə həbs edilmədimi? Baxmayaraq ki, Almaniyada ictimai qınaq elədir ki, vergidən yayınmaq söyüş hesab olunur, az qala. Amma Hönnes boşluq tapan kimi bu söyüşü qəbul etdi, fırıldağından qalmadı. Ancaq dedim axı, Almaniyada güzəşt yoxdur, istəyir Höness olsun, istəyir… Ona görə də Almaniya Almaniyadır.

Elə İtaliya da İtaliyadır. “Yuventus”un maliyyə fırıldağına yol verildiyi məlum olan kimi, rəhbərlik tam tərkibdə istefaya getdi. İctimai qınaq o qədər yüksəkdir ki, bunu etməyə bilməzdilər.

Azərbaycan da Azərbaycandır. Burada fırıldağı bacaranlara “can qurban,” deyilir. Burada “bacarırsan ye” prinsipi hakimdir. Burada, hətta fırıldağın üstü faş olanda da adama bir söz demirlər. Nöşün ki, adamın adamı var. Adamın adamı qanunlardan üstündür Azərbaycanda.

Adamın adamı olmasaydı, məsələn, Zaur Axundov çoxdan həbs edilməli idi Azərbaycanda. “Keşlə”də milyonları dağıtdı, futzala ayrılan vəsaiti Braziliyaya daşıtdırdı. Heç gözünü də üfürən olmadı. Adamın adamı olmasaydı, Kamran Quliyevi də çoxdan həbs etmişdilər. Adam “Neftçi”də özünü ştata futbolçu kimi saldırıb ayda 15 min manat alırdı. Amma “niyə belə edibsən” sualını da verən tapılmadı. Əksinə, bu məharətinə görə, bəlkə də “əhsən” tərifi alıb.. yəqin ki, hələ vəd də veriblər: “Sənin kimi kadr bizə lazımdır, gələcəkdə daha yüksək vəzifəyə gedəcəksən”.

Ora İtaliyadır. Orada İtaliya yığması DÇ-in final mərhələsinə vəsiqə qazana bilməyəndə federasiya prezidenti istefa verir. Bura Azərbaycandır. Burda federasiyanın sözçüsü belə deyir: AFFA futbolçu yetişdirməyə borclu deyil.

Düz deyir, AFFA ildə 30 milyonu xərcləmək üçündür. Maşallah, bu işin öhdəsindən əla gəlirlər. O pulu ayıranlara da belə kadrlar lazımdır. Taylı tayını tapar. Azərbaycan futbolundakı fırıldaqlardan, fırıldaqçılara verilən dəyərdən xəbərdar olsaydı, Anyelli belə deyərdi, yəqin ki: “Kaş Rövnəq Abdullayev, Kamran Quliyev, Zaur Axundov olaydım”. Arzuya bax ey… Kaş…

Natiq Muxtarlı

 

 

Exit mobile version