AUT.AZ

İranla bağlı açıqlaması qalmaqal yaratdı

Almaniya millisinin sabiq çalışdırıcısı və hazırda FİFA-nın texniki komitəsinin üzvü olan Yürgen Klinsmannın İranla bağlı açıqlaması qalmaqala səbəb olub. 

Aut.Az xəbər verir ki, BBC-yə danışan almaniyalı mütəxəssis iranlıları dünya çempionatının Uelslə oyununda (2:0) hakimlərə təzyiq göstərməkdə ittiham edib:

 

“Bu, təsadüfi deyil, onlar qəsdən belə edirlər. Bu, onların mədəniyyətinin bir hissəsidir, belə oynayırlar. Hakimə, laynsmana, dördüncü hakimə hücum edirlər. Belədə istər-istəməz konsantrasiyanı itirirsən”.

Klinsmannın bu şərhi İranın baş məşqçisi Karlos Keyruşu qəzəbləndirib. O, Yürgenə “Twitter”də belə cavab verib: “İran mədəniyyəti, milli komanda və oyunçularımla bağlı bu ifadələr futbol adına biabırçılıqdır”.

İranın Futbol Assosiasiyası isə daha sərt reaksiya verərək FİFA-ya müraciətində Klinsmannın istefasını tələb edib: “Klinsmann İran milli komandası ilə bağlı mülahizələriylə yanaşı, İran mədəniyyəti haqqında mühakimə yürütdü. Onu min illik fars tarixi, futbol və idmanın dəyəri ilə tanış olmaq üçün Qətərdəki təlim-məşq bazamıza dəvət edirik. Eyni zamanda, FİFA-dan açıqlama və üzrxahlıq, Klinsmannın isə istefasını tələb edirik”.

Qeyd edək ki, FİFA-nın texniki komitəsinə fransız Arsen Venger rəhbərlik edir.

Exit mobile version