AUT.AZ

Qurban Qurbanov dostuna bu dəfə də rəhm etməyəcək?

Azərbaycan Premyer Liqasında 15-ci tura noyabrın 27-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

 “Neftçi” haqqında heç vaxt…

İlk oyun günündə cəmisi bir qarşılaşma olacaq. “Neftçi” “Səbail”i qəbul edəcək. Şübhəsiz, hər kəs “ağ-qaralar”ın bu oyunda asanlıqla qalib gələcəyini düşünür. Bunun üçün ciddi əsas da var. “Səbail” həvəskar komandaya bənzəyir. Amma unutmaq olmaz ki, bu da “Neftçi”dir. Hansı komandaya nə vaxt məğlub olacağı bəlli olmaz. O cümlədən həvəskar komandaya da. Ona görə də, “Neftçi” haqqında heç vaxt inamla proqnoz verməyin.

Proqnoz: “Neftçi”nin qələbəsi – 60%, heç-heçə – 30%, “Səabil”in qələbəsi – 10%.

Görək fasilə hansının işinə yaramayıb

Növbəti gün – noyabrın 28-də ilk qarşılaşma Şamaxıda olacaq. “Şamaxı” “Kəpəz”i qəbul edəcək. Gərgin oyunun olacağı bəllidir. Niyə? Ona görə ki, autsayderlərin qarşıdurmasında – eyni səviyyəli komandaların oyununda hansı komandanın qalib gələcəyini əminliklə  iddia etmək asan deyil. Bu tip komandalar ancaq bir-birləri ilə oyunlarda xal ehtiyatını artırmağa ümid edirlər. Fasilədən əvvəl hər iki komanda xallar qazanmağı bacarmışdı. Görək fasilə hansının işinə yaramayıb.

Proqnoz: “Şamaxı”nın qələbəsi – 30%, heç-heçə – 40%, “Kəpəz”in qələbəsi – 30%.

“Köhlən atlar” “Zirə”ni yenə də əzəcəksə…

Günün 2-ci oyununda “Qarabağ” “Zirə”ni qəbul edəcək. Yəqin ki, qəsəbə komandasının əvvəlki oyunda biabırçı məğlubiyyətini hələ də xatırlayırsınız. Güman edirik ki, Rəşad Sadıqov həmin oyunda hansı taktiki səhvə yol verdiyini analiz edib və onu bir daha təkrarlamaz. Yox, “köhlən atlar” “Zirə”ni yenə də əzəcəksə, onda belə çıxacaq ki, Sadıqov komandanın ipini yığa bilmir. Bir ehtimal da var: Qurban Qurbanov dostunu növbəti dəfə biabır etmək istəməz. Bir-iki topluq üstünlük də “Qarabağ”ın işinə yarayar, əsas 3 xaldır.

Proqnoz: “Qarabağ”ın qələbəsi – 60%, heç-heçə – 20%, “Zirə”nin qələbəsi – 20%.

Tovuzun süni örtüyü “güc” göstərə bilər

Sonuncu oyun günündə ilk qarşılaşma əyalətdə olacaq. “Turan Tovuz” “Sabah”ı qəbul edəcək. Murad Musayevin komandası üçün, bəlkə də, ən çətin səfər oyunu. Yox, “Turan Tovuz”un gücünü şişirtmirik, sadəcə Tovuz stadionunun süni örtüyü “güc” göstərə bilər “Sabah”a. Bu stadionun örtüyündən Qurban Qurbanov şikayətlənibsə, deməli, “Sabah” üçün də problem yaranacaq.

Proqnoz: “Turan Tovuz”un qələbəsi – 20%, heç-heçə- 30%, “Sabah”ın qələbəsi – 50%.

Futbolçuların oyun səviyyəsi olduqca aşağıdırsa…

Günün və turun son qarşılaşmasında isə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Samir Abasov heç cür komandanı toparlaya bilmir. Futbolçuların oyun səviyyəsi olduqca aşağıdırsa, yüz dəfə məşqçi dəyiş, nəticə olmayacaq. Deməli, çətin də olsa, futbolçuları dəyişmək lazımdır. Amma bunun üçün qışı gözləmək lazım gələcək. Qışa qədər isə mübarizə aparmaq vacibdir. “Qəbələ” qeyri-sabit oyun göstərir. Xüsusən də autsayderlərlə qarşılaşmada xal itirir. Əgər “Şamaxı”, “Kəpəz” “Qəbələ”dən xal alıbsa, “Sumqayıt” da ala bilər. Təki Samir Abasov futbolçularını buna inandıra bilsin.

Proqnoz: “Sumqayıt”ın qələbəsi – 30%, heç-heçə – 30%, “Qəbələ”nin qələbəsi – 40%.

Aut.az

 

 

Exit mobile version