AUT.AZ

Açıq məktub: “Tələsin, gecikmə ölümcül olur”

“Mançester Yunayted”in azarkeşləri klubun sahibi olan Qleyzer ailəsinə açıq məktub yazıblar.

Aut.az xəbər verir ki, azarkeşlər məktubda klubun hazırkı durumuna toxunub, onun satışa çıxarılmasını ən məqbul variant hesab ediblər.  Məktubda deyilir:

“Dünən axşam siz “Mançester Yunayted” azarkeşlərinin çoxunun son 17 ildə eşitmək istədiyi bəyanatı verdiniz. “Mançester Yunayted” açıq şəkildə satışa çıxarılıb.

Siz hamıdan yaxşı bilirsiniz ki, bizim yeni investisiyalara çox ehtiyacımız var və bu, yalnız yeni sahiblə baş verə bilər.

Son 17 il həm meydanda, həm də meydandan kənarda borc və tənəzzüllə səciyyələnir. “Yunayted” azarkeşlərinin böyük əksəriyyəti sizin də gəldiyiniz nəticə ilə razılaşacaq – artıq dəyişiklik vaxtıdır.

Azarkeşlər hər hansı yeni potensial sahibi diqqətlə yoxlamaq istəyəcəklər – ən əsası, biz onlara yalvarırıq ki, sizin buraxdığınız səhvləri təkrarlamasınlar, “Mançester Yunayted”in ən böyük sərvəti olan azarkeşləri özlərindən uzaqlaşdırmasınlar.

Siz “Mançester Yunayted”də böyük məbləğdə pul qazanmısınız. Bir qəpik investisiya olmadan yüz milyonlarla funt sterlinq. 2005-ci ildə biznes məqsədiniz nə olubsa olsun, əminik ki, buna nail olubsunuz.

Beləliklə, indi mirasınız üçün iki şey edə bilərsiniz: birincisi, “Mançester Yunayted”in maraqlarını səhmdarların maliyyə maraqlarından üstün tutmaqdır. Klubumuzun indiki məqamda hər zamankından daha çox düzgün sahibə ehtiyacı var və bu, sizin üçün ən yaxşı sövdələşmə və geri ödəmə deyil, prioritet olmalıdır.

İkincisi, tez hərəkət etməyinizi xahiş edirik. Futbolda hər cür gecikmə və ya qeyri-müəyyənlik ölümcül olur. Əgər satmaq qərarına gəlsəniz, klubun heç bir gecikmə olmadan irəliləməsinə imkan vermək üçün bunu tez bir zamanda etməyə çağırırıq”.

Aut.az

 

Exit mobile version