AUT.AZ

DÇ-2022: Kimə azarkeşlik edək?

Noyabrın 20-də Qətərdə Futbol üzrə növbəti dünya çempionatının mərhələsinə start verilib. Möhtəşəm açılışla start götürən turnirdə təəssüf ki, nə Türkiyə, nə də Azərbaycan orada var. Amma bununla belə, həmin vaxt Qətərdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasiminə qatılıb.

Hazırda XXII Dünya Çempionatı ətrafında yaranan əsas suallar bunlardır: İdman mütəxəssisləri, tanınmış futbolsevərlər daha çox hansı komandaya azarkeşlik edəcəklər? Türkiyənin olmadığı çempionatın favoritləri hansı ölkələrdir? Çempion kim olacaq?

İdman yazarı Natiq Muxtarlı bu çemionatın aşkar favoritinin olmadığını söylədi:

“1978-ci ildən bəri dünya çempionatını izləyirəm. Elə o vaxtdan Argentina yığmasına azarkeşlik etmişəm. Amma indi yaşımın elə vaxtıdır ki, konkret olaraq bir komandaya azarkeşlik etmirəm, futbol adına nə isə ortaya qoyan yığmaları dəstəkləyirəm. Heç vaxt İtaliya futboluna azarkeşlik edə bilmərəm, çünki İtaliyanın futbol fəlsəfəsi bu idman növünə marağı azaldır. Bunu italyanların məşhur məşqçisi Ariqo Sakki də etiraf edib. Yaxşı ki, bu çempionatda İtaliya yığması yoxdur. Anti-futbol fəlsəfəsi ilə dünya çempionu olmaq futbolu nüfuzdan salır. Bu mundial, bəlkə də yeganə çempionatdır ki, aşkar favorit yoxdur. Favroit hesab etdiyimiz yığmaların – Fransa, Almaniya, Braziliya, Argentina, İngiltərə, Portuqaliya, İspaniya, Belçikanın səviyyəsi, demək olar ki, eynidir. Ona görə də, Qətərdə sürpriz çempion da görə bilərik. Afrika qitəsindən gələn komandalardan hansısa sıçrayış edə bilər. Elə Avropada da elə yığmalar var ki, onlardan sürpriz gözləməyə dəyər. Məsələn, Serbiyadan. Düzü, Argentina yığmasının çempion olmasını istəyirəm. Amma baxımlı futbol göstərən başqa bir yığma da çempion olarsa, bunu yalnız alqışlaya bilərəm”.

İdman mütəxəssisi Kənan Məstəliyev iki futbol əfsanəsi üçün bu çempionatın daha çox maraq oyatdığını qeyd etdi:

“Türkiyənin olmaması ölkədə DÇ-yə olan marağa təsir etsə də, bu futbol bayramını izləmək xoş olacaq. Uşaqlıqdan hərəmiz bir yığmaya azarkeşlik etmişik: Fransa, İtaliya, Braziliya və başqaları… İndi də bu sevgini davam etdirəcəyik. Düşünürəm ki, futbolsevərlər öz azarkeşlik etdikləri yığmalardan başqa həm də Argentina və Portuqaliyanın qələbə qazanmasını istəyəcək. Səbəbi isə aydındır: Messi və Ronaldo. Bu iki dahinin son dünya çempionatını izləyəcəyimizdən onların həm qiyabi, həm də əyani dueli maraqlı olacaq, eyni zamanda bu nəhəng dünya ulduzlarından birinin nəhayət, Dünya Kubokunu başı üzərinə qaldırmasını istəyəcəyik. Buna şahidlik etmək həqiqətən də möhtəşəm olardı. Şəxsən mən bunu çox istəyirəm. O ki qaldı favoritlərə, şübhəsiz ki, Braziliya, Argentina, İngiltərə, Fransa, Niderland ön plandadırlar. Yarışda yetərincə güclü komanda var ki, ən azı finalda oynamaq şansları realdır. Xüsusilə Avropa və Cənubi Amerika təmsilçiləri qalib olmağa daha yaxındılar, amma sürprizlər də ola bilər. Proqnoz vermək çətindi, ancaq çempion olmağa ən yaxın namizəd Braziliyadır”.

Futbol idman növünü çox yaxından izləyən təhsil eksperti Kamran Əsədovun da fikirləri diqqət çəkir:

“Bu çempionatın əvvəlki illərdə keçirilən çempionatlardan əsas fərqi əlbəttə ki, mundialın təşkil olunma vaxtı ilə bağlıdır. Bu əslində çox yaxşıdır. Çünki futbolçular çempionatlarında oynayıb, formada gəliblər oyuna. Məhz milli çempionatlardan çıxıb yaxşı formada olan oyunçular oyunların daha sürətli olmasına imkan verəcək. Düşünürəm ki, bizi bol qollu, sürətli futbol oyunları gözləyir. Futbol bayramının keyfini çıxarın. Mən bu çempionatda Portuqaliya millisinə azarkeşlik edəcəm”. (“Yeni Müsavat”)

Exit mobile version