Hazırda bütün dünyanın diqqəti Qətərdə keçirilən futbol üzrə dünya çempionatına yönəlib.
Oyunları idarə edən hakimlər arasında ilk dəfə zərif cinsin nümayəndələri də olacaq.
FİFA-nın Hakimlər Komitəsi “qadınlar bu ağır missiyanı bacara biləcəklərmi?” sualına özünəməxsus formada cavab verib:
“Biz cinsə görə deyil, bacarıqlara görə qiymətləndiririk”.
Eyni zamanda, bildirilir ki, 2022-ci il dünya çempionatının qadın hakimləri oyunda haqq-ədaləti təmsil etmək baxımından ilk dəfə söz haqqına sahib olduqları üçün tarixə düşəcəklər.
Dünya çempionatında kişiləri ilk dəfə idarə edəcək qadınlar yaponiyalı Yaşimi Yamaşita, ruandalı Salima Mukansanqa və fransız Stefani Frappartdır.
Onlara braziliyalı Neuza Bakk, meksikalı Karen Diaz Medina və ABŞ-dan Kati Nesbitt kömək edəcəklər.
Yaponiyadan olan fit sahibi Yoshimi Yamaşita kişilərə müraciətlə deyib ki, siz oynayın və qışqırın, ədaləti bizə buraxın:
“Mən kişi və qadın futbolu arasında heç bir fərq görmürəm, ona görə də, Qətərdə yaşanan bu ilk, sonrakı mundiallarda da davam etməlidir”.
Yamaşita 2019-cu ildə Fransada keçirilən qadınlar arasında dünya çempionatında, eləcə də 2020-ci ilin Tokio Olimpiadasında təcrübə qazanıb.
36 yaşlı hakim etiraf edib ki, belə mühüm debüt ərəfəsində özünü qürurlu və məsuliyyətli hiss edir:
“Bu etimada qədər böyük yol keçdim və bu səviyyəyə çatmağımı digər qadın hakimlərə borcluyam. Onlar olmasaydı, mən Qətərə gələ bilməzdim. Bu, böyük məsuliyyətdir və belə bir missiyanı mənə həvalə etdikləri üçün xoşbəxtəm. Dünya çempionatında hakimlik, ağlıma belə gətirə bilmədiyim yuxudur. Futbolun gözəlliyini göstərmək üçün əlimdən gələni edəcəyəm”.
O, futbol hakimliyinə qədər sadə fitness müəllimi olub və dostunun tövsiyəsindən sonra bu peşəyə keçib.
34 yaşlı Salima Mukansanqa Ruandadan dünya çempionatının ilk qadın hakimi olacaq. O da qadınlar arasında dünya çempionatında (2019), Tokio Olimpiadasında, qadınlar arasında Afrika Millətlər Kubokunda hakimlik edib. Eləcə də, bu ilin əvvəlində Kamerunda keçirilən kişilər arasında Afrika Millətlər Kubokunda ilk qadın hakim kimi qitəyə səs salıb.
Ruandalı fit sahibi Qətərdəki debütdən əvvəl hər kəsə nümunə olmaq istədiyini etiraf edib:
“Kişilərin oyunlarını kifayət qədər yüksək səviyyədə idarə edə biləcəyimizi göstərəcəyik. İnanıram ki, buna nail olacağıq. Oyunun qaydaları eynidir, biz VAR-dan istifadə edirik. Qətər mundialı mənim və digər qadın həmkarlarım üçün əla fürsətdir”.
Stefani Frappart isə bu peşənin əfsanəsidir. O, bir çox qadın hakimlərin yolunu açıb və demək olar ki, hər şeydə birinci olub.
38 yaşlı fransız qadın 2011-ci ildən hakimlik edir. O, karyerasına Erblay-sur-Seine şəhərində futbolçu kimi başlayıb, lakin sonra hakimlik kursuna yazılıb. Onun peşəkar karyerası Fransanın ikinci və üçüncü divizionlarında başlayıb. Daha sonra Frappar 2015-ci ildə Kanadada keçirilən qadınlar arasında dünya çempionatında hakimlər siyahısına salınıb.
Elə həmin yay o, UEFA Superkuboku uğrunda “Liverpul” – “Çelsi” matçını idarə edib. Superkubok qarşılaşmasını idarə edən ilk qadın hakim kimi futbol tarixinə düşüb. (Publika.az)