AUT.AZ

Həbs olunan olimpiya çempionunun hara göndərildiyi bilinmir

Rusiyada həbs olunan basketbol üzrə ikiqat olimpiya çempionu Brittni Qraynerin harada saxlanıldığı məlum deyil

Aut.az xəbər verir ki, bu barədə onun vəkilləri – Mariya Blaqovolina və Aleksandr Boykov məlumat veriblər. Vəkillər bildiriblər ki, Qrayneri Moskva vilayətindəki istintaq təcridxanasından aparıblar. Böyük ehtimalla, onu cəzaçəkmə koloniyasına göndəriblər. Amma hansına göndərildiyi barədə heç bir məlumat verilmir.

Boykova “Sport-Ekspress”ə verdiyi açıqlamada belə deyib:

“Noyabrın 4-də Brittni Qrayner saxlandığı istintaq təcridxanasından ümumi rejimli koloniyaya göndərilib. Hazırda onun harada olması barədə məlumatımız yoxdur. Onun təyinat yerinə çatması haqda vəkillərinə və ABŞ-ın Rusiyadakı səfirliyinə məlumat verilməli idi”.

Qeyd edək ki, Brittni Qrayner martın 5-də Şeremetyevo hava limanında gömrükdən keçərkən saxlanılıb. İkiqat olimpiya çempionunun baqajından narkotik tapılıb. Ekspertizanın nəticələrinə görə, idmançının Rusiyaya həşiş yağı idxal etməyə çalışdığı məlum olub.

Qraynerə qarşı cinayət işi başlanıb. Basketbolçu Rusiya Federasiyasının qanunlarını pozmağa cəhd etmədiyini, ancaq qanunları bilməməsi səbəbindən bu səhvə yol verdiyini deyib. Məhkəmə Qrayneri 9 il müddətinə azadlıqdan məhrum edib.

Aut.az

Exit mobile version