AUT.AZ

“İmarət”in tikintisini Rövnəq Abdullayevə tapşırın, yoxsa…  

Ağdamın “İmarət” stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, arenanın layihələndirilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək. Tikintinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.

Olmadı ki. Bir stadionun ki, tikintisi Rövnəq Abdullayevə tapşırılmadı, orada nə “bərəkət” olacaq? O stadionun tikintisindən bunlar pul “yuya” bilməzlər. Onlar naşıdırlar. İşi “peşəkar”a tapşırmaq lazım idi. 300 milyon manatlıq Olimpiya stadionunu 1 milyarda ərsəyə gətirdi. Həqiqətən də ağlasığmaz fərasət sahibi olmaq lazımdır bunu bacarmaq üçün.

Bax, sizə deyirəm, qulağınızda sırğa edin, “İmarət”in tikintisi bu qurumlara həvalə olunsa, onlar çaşacaqlar, stadionun örtüyü təbii olacaq. Belə şey olmaz. Stadion süni örtüklü olmalıdır.  “Qarabağ” rəhbərliyi “İmarət”dən xeyir tapmaq istəyirsə, məsələ qaldırmalıdır, stadionun tikintisi Rövnəq Abdullayevə həvalə edilməlidir.

Aut.az 

Exit mobile version