AUT.AZ

Evini bir ayda iki dəfə qarət etdilər

“Yuventus”un müdafiəçisi Daniele Ruqaninin evi iki dəfə qarət edilib. Aut.az xəbər verir ki, sonuncu hadisə A Seriyasının 14-cü turunda  “Yuventus”un səfərdə “Verona”ya qalib gəldiyi matçdan sonra baş verib – 1:0.

Ruqaninin sevgilisi Mikel Persiko bildirib ki, son bir ayda ikinci dəfədir ki, mənzil qarət olunur:

“İlk qorxulu gecə üç həftə əvvəl oldu. Bu yaxınlarda yenə də. İki yaşlı övladımız Tommazo ilə evdə idim. Həmişə olduğu kimi, Daniele oyundan sonra “Yuve”nin bazasında gecələyib. Tommazonun qızdırması yüksək idi, ona görə də həmin axşam Danieledən mobil telefonunu söndürməməsini xahiş etdim.

Təxminən saat 3-də ön qapının açıldığını eşitdim. Düşündüm ki, bu, Danieledən sürprizdir. Amma bir neçə dəqiqədən sonra anladım ki, o deyil, başqası qonaq otağına girib və əşyaları qarışdırır.

Dərhal oğlumu götürüb otağa çəkildim və qapını bağladım. Danielaya zəng etdim, o da öz növbəsində polisə müraciət etdi.

Oğrular getmədilər və mən də instinktə arxalanaraq evin işığını yandırdım. Xoşbəxtlikdən onlar həmin an qaçdılar. Bundan az sonra isə polis gəldi.

İndi yeni ev axtarırıq. Bu iki xoşagəlməz hadisədən sonra artıq burada özümüzü rahat hiss etmirik.

Ancaq bu hadisələr Turin haqqında fikrimizi dəyişməyib.  Daniele və mən bu şəhərə aşiqik və ümid edirik ki, burada mümkün qədər çox qalacağıq”.

Aut.az

Exit mobile version