AUT.AZ

Braziliya 5,5 ton yüklə gəlir – Un, xərək, çaynik, printer…

Braziliya millisi Qətərdə keçiriləcək dünya çempionatına 5,5 ton yük gətirəcək.

Aut.az xəbər verir ki, siyahıda geyim, dərman vasitələri, istehlak materialları, elektron avadanlıqlar, müalicə və məşq avadanlıqları və s. var.

Əvvəlcə bütün yük braziliyalıların beş gün məşq edəcəyi Turinə, daha sonra isə Dohaya daşınacaq. Yemək üçün lazım olan ərzaqlar Braziliya nümayəndə heyətinin baqajında ​​çox yer tutmayacaq. Çünki həm Turindəki, həm də Qətərdəki otel düyü, lobya, salat və digər məhsullarla təmin olunacaq. Otellərdəki mətbəx artıq Braziliya komandası tərəfindən tərtib edilmiş menyu alıb, lakin bir istisna var. Braziliyalılar özləri ilə 30 kq maniok unu gətirəcəklər.

Hər bir idmançı üçün üç dəst forma nəzərdə tutulub: məşq, gündəlik və oyunlar üçün. Təxminən 700 sarı və 230 mavi köynək var. Adətən, bir oyunçu hər oyun üçün iki köynək geyir, hər hissə üçün biri. Lakin ehtiyac olduqda daha bir köynək verilir. Məsələn, matç zamanı cırılırsa və ya üzərinə qan düşürsə.

Maraqlıdır ki, Rusiyada keçirilən dünya çempionatı üçün braziliyalıların baqajı daha ağır olub – 7 ton. Çünki Rusiyaya isti paltarlar da götürülmüşdü. Qətərdə isə havanın temperaturu gecə 15, gündüz 30 dərəcə arasında dəyişir.

Braziliyalıların baqajında ​​ultrasəs aparatı, fizioterapiya üçün lazer aparatı, masaj aparatları, 6 xərək, 30 oyun topu, 92 adda dərman, oyun köynəklərində ad və nömrələrin çapı üçün cihaz, qəhvə dəmləmək üçün çayniklər, printerlər və s. də var.

Aut.az

Exit mobile version