AUT.AZ

“Barselona”nı dağılmaqdan xilas edən 5 faiz

“Barselona”nın prezidenti Joan Laporta klubu maliyyə böhranından necə xilas etdikləri barədə danışıb.

Aut.az xəbər verir ki, Laporta “Transferlər etmək və yeni layihə qurmaq üçün “Barsa” dörd iqtisadi rıçaqı işə salmalı idi. Nəticələrdən razısınızmı?” sualına belə cavab verib:

“Rıçaq sayəsində “Barsa”nı məhv olmaqdan xilas etdik. Biz klubun iqtisadiyyatını bərpa edirik, eyni zamanda rəqabətədavamlı komanda yarada bildik.

Kluba ilk gəlişimizdə yaşadığımız qorxu artıq yoxdur. Bizə dəhşətli miras qalmışdı. O an qərara gəldik ki, iflasa uğramamaq üçün hər şeyi edəcəyik, amma eyni zamanda klub üzvlərindən pul istəməyəcəyik, çünki onlar “Barsa”nın keçmişdəki dəhşətli idarəçiliyinə cavabdeh deyillər.

Klubun bəzi aktivlərini dəyərləndirib, şəraiti nəzərə alaraq, onları çox yaxşı qiymətə satmaq qərarına gəldik. Klub üzvlərinə təşəkkür etməkdən yorulmayacağam – onlar bizə klubu xilas edən rıçaqları işə salmağa imkan verdilər.

Bundan əlavə, bu aktivlər “Barselona”nın illik gəlirinin yalnız 5%-ni təşkil edir, ona görə də bu satış növbəti bir neçə ildə klubun gəlirlərinə ciddi təsir göstərməyib. Onu da xatırlatmaq istəyirəm ki, satdığımız bəzi aktivləri 25 ildən sonra geri almaq hüququmuz var.

Aktivləri münasib qiymətə sataraq çox yaxşı müqavilə bağladıq. Bu, “Barsa”nı xilas etmək, iqtisadi bərpaya başlamaq və rəqabətədavamlı komanda qurmaq üçün bizə çox kömək etdi”.

Aut.az

 

Exit mobile version