AUT.AZ

Əli Daei edam edilsə, İran dağılacaq – Sensasion detallar

“Əslən Ərdəbildən olan və İran millisinin keçmiş üzvü, dünyaca məşhur azərbaycanlı futbolçunun etirazlarda iştirak etdiyinə görə edam cəzasına məhkum edilməsi, əslində fars-molla rejiminin xislətinə uyğun “addım”dır. Onlar həmişə ağıllı adamların başını kəsmək üçün fətva verirlər. Çünki mollalar bundan artığını düşünə bilmirlər. Bildiyimə görə, Kərimi adlı başqa bir futbolçu ilə bağlı hökm çıxarıblar. Onların hər ikisi Almaniya klublarında oynayıblar. Almaniya bu məsələ ilə bağlı özünün İrandakı səfirliyinə də məlumat verib. Hər iki futbolçunun taleyi ilə maraqlanırlar. Amma Əli Daei İranı daha çox narahat edir. Çünki o, Azərbaycan türküdür və İranda, əsasən də Güney Azərbaycanda onun tərəfdarları, azarkeşləri daha çoxdur. Daei orada böyük mövqeyə malik şəxsdir. Təbii ki, molla rejimi bu addımla Güney Azərbaycandakı etirazçılara gözdağı vermək istəyirlər”.

Aut.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun fikrincə, İran rejimi bir nüansı anlamaq istəmir:

“Molla rejimi anlamaq istəmir ki, həmişə çox şöhrətli insanların öldürülməsi, həmin dövlətin dağılması ilə nəticələnib. Onlar tarixə nəzər salsalar, görəcəklər ki, ən böyük inqilablar tanınmış adamların öldürülməsi ilə başlayıb. Molla rejimi düşünür ki, Daeinin öldürülməsi ilə etirazçılara gözdağı verəcəklər. Xeyr, bunun əksi olacaq. Daei edam edilərsə, hətta bu vaxta qədər məsələyə loyal yanaşanları da radikal mövqeyə keçirəcək. Çünki fars-molla rejiminin hərəkəti destruktiv addımlardır. Onların bir azca münaqişə tarixlərindən, elmdən xəbərləri olsaydı, bu cür səviyyəsiz addımlar atmazdılar. Amma təəssüf ki, bu bir həqiqətdir. Əli Daei ilə bərabər 15 min nəfəri həbs ediblər. Onların da böyük əksəriyyəti türklər, kürdlər və bəluclardır. Onlar bu yolla etirazçıları qorxudacaqlarını düşünürlər, lakin yanılırlar. Mən bu vaxta qədər düşünürdüm ki, İran hazırda 19-cu əsrdə qalıb, baxıram ki, molla rejimi İranı o qədər məhv edib, bədbəxtlər, haradasa, min il geri düşüblər. İran indi ərəb xilafətinin qurulduğu dönəmdə – 7-8-ci əsrlərdə ərəblərin etdiklərini edir. Molla rejimi elə düşünür ki, bu cür sərt addımlarla hər şeyi edəcəklər. Amma indi 8-9-cu əsrlər deyil. Onların ağlı olsa, Əli Daeini dərhal azad edərlər”.

Ekspertin fikrincə, Əli Daeini həbsdən azad etsələr, bəlkə də mitinqlər bir qədər səngiyə bilər:

“Amma bu məsələni daha da güc müstəvisinə keçirmək, zor tətbiq etmək Şərq xalqlarına xoş olmayan addımlardır. Onlar Qərbdəki addımları düşünməsinlər. İran Şərq və müsəlman dövlətidir. Eyni zamanda, şiəliyi o qədər xurafatlaşdırıblar ki, tökülən qan, etirazçılar üçün müqəddəs sayılacaq. İnanın, Əli Daeini edam eləsələr, etirazçılar onu imamların səviyyəsinə qədər qaldıracaqlar. Söhbət şiə düşüncəli etirazçılardan gedir. Bir sözlə, fars-molla rejimi odla oynayır. Amma xüsusilə Əli Daeininin və digərlərinin asılması İranı viran qoyacaq. İran bu barədə fikirləşməlidir. Molla rejimi bu addımı ilə guya bizə də mesaj vermək istəyir; yəni sizi dəstəkləyənlərlə biz belə davranırıq. Amma Azərbaycan da öz işini görür. İranın, SEPAH-ın ən böyük narkotik tacirini Azərbaycan beynəlxalq axtarışa verdi. Artıq bu, rəsmi şəkildə bəyan edilib. Birmənalı şəkildə Azərbaycan bütün dünyaya bəyan elədi ki, İran rəsmiləri narkotrafiklə məşğuldurlar. İran bunu başa düşmür ki, türklərə qarşı molla rejiminin atacağı hər bir addım təkcə Güney Azərbaycanı yox, həm də Quzey Azərbaycanı ayağa qaldıracaq. Cənubda nə qədər qadağalar qoyulsa da, bizim media imkanlarımız böyükdür. Azərbaycan güneyli soydaşlarımızın haqq səsini ucaltmaq üçün dünyaya açılacaq”.

Exit mobile version