AUT.AZ

“Qarabağ” üçün “Gent”lə oyundan da vacib qarşılaşma

 Azərbaycan Premyer Liqasında 14-cü tura noyabrın 11-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

 …təəccüblənməyin, “Neftçi”yə vurulan şapalağı xatırlayın

İlk oyun günündə cəmisi bir qarşılaşma olacaq, hakim fiti Şamaxıda çalınacaq. Orada çempionatın 2 aşkar autsayderi – “Şamaxı” ilə “Sumqayıt” üz-üzə gələcək. Ötən tur bu komandaların hər ikisi təəccübləndirməyi bacardı. “Şamaxı” Tovuz səfərindən qələbə ilə döndüsə, “Sumqayıt” “Neftçi”yə şapalaq vurdu. Amma etiraf edək ki, “Sumqayıt”ın heç-heçəsi “Şamaxı”nın qələbəsindən daha sanballı görünür. Çünki “Şamaxı” iddiasız “Turan Tovuz” üzərində qələbə qazanıbsa, “Sumqayıt” medallar uğrunda mübarizə aparan “Neftçi”dən xal alıb. Məhz bu bir xal sumqayıtlılar üçün əla motivasiya ola bilər. Komanda çempionatda ilk qələbəsini Şamaxıda qazansa, təəccüblənməyin, “Neftçi”yə vurulan şapalağı xatırlayın.

Bizim proqnoz:  “Şamaxı”nın qələbəsi – 30%, heç-heçə – 30%, “Sumqayıt”ın qələbəsi – 40%.

 Onda “dərd gələndə batmanla gəlir” deyiminin…

İkinci oyun günündə öncə meydana “Zirə” ilə “Səbail” çıxacaq. Rəşad Sadıqov “Zirə”nin “qeyri-sabitlik ipini” heç cür yığa bilmir. “Neftçi”yə biabırçı məğlubiyyətdən sonra Qəbələdən də əliboş döndü qəsəbə təmsilçisi. Ancaq ayaq üstə qalxmaq üçün bu tur münasib rəqib var qarşılarında. “Sabail”i məğlub etməklə nisbətən sakitlik tapmaq olar. Dərd o olacaq ki, “Zirə” bu işi bacarmasın. Onda “dərd gələndə batmanla gəlir” deyiminin “Zirə”nin gününə uyğunluğundan danışacağıq.

Bizim proqnoz: “Zirə”nin qələbəsi – 50%, heç-heçə – 30%, “Səbail”in qələbəsi – 20%.

 İndi görün hansı gərginlik var də “Neftçi”də

Günün digər qarşılaşmasında daha bir “dərdli” komanda dərdinə dərman axtaracaq. Söhbət “Neftçi”dən gedir. “Ağ-qaralar”ı bu döyür, ötürür o birinə, o döyür, ötürür…

Ötən tur “Sumqayıt”dan şapalaq alın “Neftçi”nin bu tur da döyülmək ehtimalı var. Rəqib “Qəbələ”də bir qədər özünəinam hissi  və soyuqqanlı davranış yüksək olsa, “Neftçi”ni büdrətmək asan olacaq. Nöşün ki, “ağ-qaralar” psixoloji gərginlik altındadır. Üstəlik, söz-söhbət gəzir ki, komandanın baş məşqçisi də qaçmağa hazırlaşır. Böyük ehtimalla, bu söz-söhbətdən futbolçular da xəbərdardırlar. İndi görün hansı gərginlik var də “Neftçi”də. Məqamdır, “Qəbələ”.

Bizim proqnoz: “Neftçi”nin qələbəsi 40%, heç-heçə 30%, “Qəbələ”nin qələbəsi – 30%.

“Kəpəz” məhz bu vəziyyətdən yararlana bilər

Turun son oyun günündə də ilk qarşılaşma əyalətdə baş tutacaq. Qərb derbisi – “Kəpəz” – “Turan Tovuz” qarşılaşması böyük maraq doğurur. “Turan Tovuz”un ötən tur öz meydanında “Şamaxı”ya məğlub olması komanda ətrafında böyük söz-söhbətə səbəb olub. Tovuzlu azarkeşlər narazıdırlar, komandanın bilərəkdən uduzduğu barədə iddialar var. Bütün bunlar komandanın düşərgəsində gərgin vəziyyət yaratmaya bilməz. Tovuzlular Gəncəyə də psixoloji təzyiq altında gələcəklər. “Kəpəz” məhz bu vəziyyətdən yararlana bilər.

Bizim proqnoz: “Kəpəz”in qələbəsi – 40%, heç-heçə – 40%, “Turan Tovuz”un qələbəsi – 20%.

Çox mətləblərə aydınlıq gətirəcək oyun

Son oyun günündə son qarşılaşma – nəinki turun, nəinki dövrənin, bəlkə də çempionatın ən əsas qarşılaşması.  “Sabah” – “Qarabağ” oyunu çox mətləblərə aydınlıq gətirə bilər. “Qarabağ” bu qarşılaşmada qalib gəlsə, böyük ehtimalla, çempionluq hədəfinin öhdəsindən gəlmiş olacaq. Üstəlik, bu qələbə “Qarabağ”ın işinə fevralda – “Gent”lə oyun ərəfəsində də yarayacaq. Əsas rəqibdən kifayət qədər uzaqlaşmaqla fevralda “Gent”lə oyuna da rahat, təzyiqsiz hazırlaşmaq olar. Deməli, bu oyun “Qarabağ” üçün “Gent”lə qarşılaşmadan da vacib sayılmalıdır.

Elə “Sabah” üçün də. “Bayquşlar” ya bu oyunda qalib gəlib çempionluq uğrunda mübarizəni davam etdirir, ya da ikinci yerdən bərk-bərk yapışırlar. Bir sözlə, mövsümün oyununu mütləq izləyin.

Bizim proqnoz: “Sabah”ın qələbəsi 30%, heç-heçə – 40%, “Qarabağ”ın qələbəsi – 30%.

 Aut.az

Exit mobile version