AUT.AZ

Hazıra nazir olan “Sabah”ın “uşaq süfrəsi”ndəki payı

Azərbaycanda, uşaq futbolunu inkişaf etdirmək üçün ən unikal fürsət, bəlkə də “Sabah”da olub. “Sabah dünənki klubdur, sabahı da bəlli deyil, onda belə fürsət haradan” deməyin. İndi hər şeyi detalları ilə izah edəcəyik.

“Vətən”də “dişə dəyən” nə  varsa…

Bakıda ən yaxşı futbol məktəblərindən olub “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi.  Valideynlər böyük həvəslə uşaqlarını ora göndərirdilər. Həqiqətən də iş, Azərbaycan səviyyəsində yaxşı qurulmuşdu. Təhsil Nazirliyinin nəzarətində olan bu məktəbə peşəkarlar cəlb edilmişdi, istedadlara önəm verilirdi, valideynlərlə “işbirliyi” yox səviyyəsində idi.

“Sabah” elitaya buraxıldı və himayəçilərdən də biri Təhsil Nazirliyi oldu. Elita komandasının uşaq futbolu olmalı idi axı. Çıxış yolu tapmaq çətin olmadı. “Vətən” “Sabah”ın “kurasiyasına” verildi. “Sabah”ın kurasiyasına verilənə qədər bütün Bakı “Vətən”dən danışırdı. Bütün komandalar “Vətən”dən çıxan futbolçuları heyətə cəlb edirdilər. Ancaq indi vəziyyət dəyişib, deyəsən. Hər halda, məşqçilər, valideynlərlə söhbətdən məlum olur ki,  “Vətən”də “dişə dəyən” nə yeniyetmə vardsa, “Sabah”a göndərilir. Və orada da yoxa çıxır o uşaqlar. Futbolla məşğul olan uşağın 17 yaşdan sonra ilim-ilim itməsi təkcə “Sabah”ın yox, Azərbaycan futbolunun ümumi bəlasıdır.

Lap AFFA-nı da bu işə cəlb edib…

Bəs “Sabah”ın uşaq futbolu ilə bağlı əlinə düşən unikal fürsət nə idi? Dedik axı, “Sabah”ın himayəçilərindən biri də Təhsil Nazirliyidir. Nazirlik “Vətən”i peşkəş etdi “Sabah”a. Amma “Vətən”ə dəyməməklə, uşaq futbolu ilə bağlı unikal layihə gerçəkləşdirmək olardı. Necə? Orta məktəblərə daxil olmaqla. Bakıda və ətraf qəsəbələrdəki bütün məktəblərin stadionu, idman zalları var. Hazır infrastrukturdur. Sadəcə bəzilərinə bir qədər əl gəzdirmək lazımdır.

Lap AFFA-nı da bu işə cəlb edib, Təhsil Nazirliyinin də dəstəyini alıb, əksər məktəblərdə futbol bölmələri yaratmaq olardı. Xüsusən də Bakının ətraf qəsəbə və kəndlərində. Təmirə ehtiyacı olan stadionlara yüngülvari əl gəzdirmək və kadr məsələsini həll etməklə böyük bir layihəni həyat keçirmək mümkün idi. Çox xərc tələb edilmir bu iş üçün – il ərzində cəmisi 4-5 legionerə verilən məbləğ bəs edərdi.

Məktəblərin nəzdində olan stadionlar quru torpaq üstündə olsalar da, keyfiyyətsiz süni örtükdən qat-qat təhlükəsizdir uşaqların sağlamlığı üçün.

Niyə Masazırda yox, Bakının mərkəzində?

“Sabah” rəhbərliyi bu fürsəti əldən buraxdı. Amma demək olmaz ki, onlar uşaq futbolu üçün heç bir iş görməyiblər. Yox, “Vətən” kimi hazır “kökə” əldə etsələr də, bununla kifayətlənməyiblər.  “Sabah” özünün futbol məktəbini qurmaq qərarına gəlib. Artıq ilk addım da atılıb. Cari mövsümdən “ASK Arena”da (əvvəlki “Şəfa” stadionu) məskunlaşıb futbol məktəbi. “Sabah”ın U-10-dan U-19-a kimi olan aşağı yaş qrupları bu stadionun əsas və köməkçi meydançalarında qərarlaşıb. Yenə də haşiyəyə çıxaq: “Sabah” futbol məktəbini niyə, məsələn, Masazırda yox, Bakının mərkəzində yerləşdirib? Masazırda infrastruktur qurmaq mümkün deyildi? Mümkün idi. Amma bunun üçün torpaq sahəsi lazımdır. Azərbaycanda futbol məktəbi qurmaq üçün heç kimə torpaq sahəsi verilməz. Bir ölkədə ki, Prezidentin açılışını etdiyi futbol məktəbini buldozerin ağzına verirlərsə… Ona görə də, biz təklif edirik ki, məktəblərdəki hazır infrastrukturdan yararlanmaq lazımdır. Məktəbləri də söküb yerində ticarət obyektləri, göydələnlər tikməzlər yəqin ki.

Zaqreb “Dinamo”su ilə əməkdaşlıq

 “Sabah” u 2019-cu ildən Xorvatiyanın əsas, Avropanın isə öndə gedən futbol akademiyalarından birinə sahib olan “Dinamo” (Zaqreb) ilə əməkdaşlıq edir. “Sabah”la “Dinamo” arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edir. Bura “Dinamo”nun mütəxəssislərinin “Sabah”ın Futbol Akademiyasında çalışması və Zaqreb təmsilçisinin akademiyasındakı sistemin “Sabah”ın akademiyasına tətbiq edilməsi, akademiyanın azyaşlılarının və məşqçilərin “Dinamo”nun aşağı yaş qruplarında təcrübə keçməsi, “Sabah” Futbol Akademiyasının komandalarının “Dinamo”nun təşkil etdiyi aşağı yaş qrupları üzrə turnirlərdə iştirakı və s. kimi məsələlər daxildir.

Stabilləşmə fazasından təkmilləşmə fazasına keçid

“Dinamo” Futbol Akademiyasının mütəxəssisi, 2019-cu ildən “Sabah” Futbol Akademiyasının baş koordinatoru kimi çalışan Adino MustedanaqiçAut.az-a verdiyi açıqlamada akademiyalar arasında 3 illik əməkdaşlığı belə dəyərləndirir:

“Dinamo” ilə əməkdaşlıq sabit gedir. Deyə bilərəm ki, hazırda akademiya sahəsində ən böyük addımı “ASK Arena”ya köçməklə atmış olduq. Bu, bizə ən böyük problemimiz olan infrastruktur məsələsini həll etməyə və bir çox aspektlər üzərində işləməyimizə imkan verəcək. Həmçinin, “ASK Arena”ya köçməyimiz bizə imkan verəcək ki, layihəmizin birinci fazası olan “stabilləşmə fazası”nı maksimuma çatdırmaqla onu normal akademiya kimi işlək hala gətirək və bu istiqamətdə olan bütün boşluqları dolduraq. Bununla da, inşallah layihəmizin ikinci hissəsi olan “təkmilləşmə fazası”nın başlanmasının təməli qoyulacaq ki, bu mərhələdə də biz “Dinamo”nun təcrübəsindən və biliklərindən daha çox istifadə edə biləcəyik”.

Təcrübəyə gedənlər niyə yoxdur?

“Sabah”la “Dinamo” arasında bağlanan müqavilədə futbolçuların və məşqçilərin Zaqrebdə təcrübə keçməsi də nəzərdə tutulub axı. Amma hələ də bu təcrübə mübadiləsi reallaşmayıb. Niyəsini klubdan belə izah etdilər:

“Müqavilə imzalandıqdan cəmi bir neçə ay sonra COVİD-19 pandemiyasının yayılması və uzun müddət xaricə gediş-gəlişin çətinləşməsi səbəbindən müqavilənin bu bəndi istiqamətində əməli fəaliyyətə çox gec başladıq. Lakin ötən ilin yay aylarında “Sabah” FA-nın futbolçuları Həmzəalı Mikayılov və Xəyal Əliyev qısa müddətdə “Dinamo”nun akademiyasında təcrübə keçməyə nail oldular”.

Mustedanaqiç gələcəkdə bu istiqamətdə daha intensiv addımların atılacağını qeyd edir:

“Gələcəkdə yenə bu cür səfərlərin olması nəzərdə tutulub. Ümumiyyətlə, bu, “Dinamo” ilə əməkdaşlığımızın bir hissəsidir. Biz akademiyamızı qurmaq üçün “Dinamo”nun bu istiqamətdə təcrübəsindən istifadə edəcək, oradakı sistemi bura uyğunlaşdıracağıq. Məhz bu səbəbdən bəzi oyunçuları və məşqçiləri təcrübə keçmək üçün Zaqreb təmsilçisinin akademiyasına göndərməklə bağlı fəaliyyətləri gələcəkdə də davam etdirməyi planlaşdırırıq. Həmçinin, məşqçi və futbolçular üçün kurslar, onlayn mühazirələr və görüşlər keçirmək üçün akademiyamıza mütəxəssislərin cəlb olunması da nəzərdə tutulub. Bu cür təşəbbüslər nəticəsində məşqçilər və oyunçular, tətbiqinə çalışdığımız biliklərə və məlumatlara daha tez yiyələnirlər. Eşitməklə, bunu praktikada sınaqdan keçirmək arasında fərq çoxdur”.

Xarici turnirlərdə iştirak

Uşaqların yaxşı futbolçu kimi yetişməsi, hələ erkən yaşlardan beynəlxalq oyun təcrübəsi qazanması çox mühümdür. Bunun üçün də uşaq komandaları mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak etməli, uşaqlar kiçik yaşlarından başqa ölkədən olan həmyaşıdları ilə görüşərək müxtəlif oyun sistemlərinə qarşı təkmilləşməlidirlər.

Son bir ildə “Sabah” FA-nın müxtəlif yaş qruplarından ibarət komandaları müxtəlif turnirlərdə olublar. COVİD-19-la bağlı yaranmış məhdudiyyətlərə görə, son aylarda beynəlxalq turnirlər üçün qonşu Gürcüstan məkan seçilib.

Akademiyanın koordinatoru Adino Mustedanaqiç gələcəkdə də bu cür turnirlərdə iştirak edəcəklərini, sadəcə, yeni turnirlərin daha geniş coğrafiyanı əhatə edəcəyini deyir:

“Ötən mövsüm pandemiyadan sonrakı il idi. Biz də karantinin olub-olmayacağına əmin deyildik. Məhz bu səbəbdən ötən il beynəlxalq turnir baxımından qonşu Gürcüstan variantına üstünlük verdik. Bu mövsüm isə diqqətimizi komandalarımızdan bir çoxunu xarici turnirlərə göndərməyə yönəltmişik. İstədiyimiz kriteriyalara uyğun turnir tapmaq çox çətindir. Əsas çətinlik isə  vaxtla bağlıdır”.

“Sabah”ın da gördüyü iş Bakı ilə məhdudlaşırsa…

Nə deyək, “Sabah” yeni yaranmasına baxmayaraq, uşaq futbolunun inkişafı baxımından köklü klublardan daha çox iş görüb və görmək niyyətləri də var. Buna görə onlara “sağ ol” deyək. Amma “Sabah”ın da gördüyü iş Bakı ilə məhdudlaşır. Futbolun arealı böyümür, regionlara yayılmır. Azərbaycanda uşaq futbolunun inkişafı məhz regionlardan başlamalıdır. Bu isə olduqca böyük problemdir və hansısa klubun həll edə biləcəyi iş deyil. Başqa ölkələrdə bunu futbol federasiyaları iri layihələrlə reallaşdırırlar. Bizdə isə futbol federasiyası yoxdur. Daha doğrusu, var, amma pul “yumaq” üçün fəaliyyət göstərir ancaq.

Natiq Muxtarlı

 

 

Exit mobile version