AUT.AZ

Baqanın “qırmızı” yalanı

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarus və Azərbaycan futbolunu müqayisə edib. O, ölkəsinin mətbuatına verdiyi açıqlamada Azərbaycan futbolunu tərif edib:

“Azərbaycan səviyyəli legionerlər baxımından bizdən bir yox, iki addım öndədir. Türkiyədən, Braziliyadan, Portuqaliyadan, Almaniyadan, İspaniyadan yaxşı karyerası olan, güclü oyunçular gətirirlər. Ona görə də, “Qarabağ”, “Neftçi”, və “Sabah” çox yüksək səviyyəli klublara çevriliblər. Söhbət yalnız legionerlərin gücündən getmir, biz onlardan çox şeydə geri qalırıq. İstər klubların strategiyaları, istərsə də oyun modelləri baxımından belədir. Bura stadionları, infrastrukturları da əlavə etməliyəm. Demək olar ki, bütün komandaların öz bazası var”.

Baqanın gopa basdığı bəllidir. Əslində buna gop yox, “qırmızı yalan” da demək olar. “Neftçi” yüksək səviyyəli komandadır? Nə vaxtdan? Olmaya Baqa başqa “Neftçi” görüb, biz başqa “Neftçi” görürük? İllərdir neftin pullarını sağa-sola xərcləyən bu komanda Avropada qapazaltı deyil? Baqa bu komandanın hansı uğurunu gördü ki, onu “yüksək səviyyəli” adlandırdı? Hər 6 aydan bir 10-15 legioneri gətirib, 10-15 legioneri də göndərmək. Strategiya buna deyirlər?

“Sabah” da hələ “yüksək səviyyə” statusuna çatmaq üçün xeyli yol  getməlidir. Murad Musayev indi-indi nə isə düzəltmək istəyir “Sabah”dan.

Bəs stadionlar, infrastruktur, hər klubun öz bazası kimi “qırmızı yalan”ı hara gizlədək, ay Baqa? Ayə, ay “ağ rus”, ölkənin ən böyük ikinci şəhəri Gəncədə stadion qəzalı vəziyyətdədir ey. Gəncənin yanında Tovuz var ha, o rayonun komandası avtobus axtarır. Xəbərin yox idi?

Bakıda yerləşən hər komanda süni örtüklü bir stadiona sığınıb. Onlara deyirsən, baza? Belə yerdə deyiblər ey, içimiz özümüzü yandırır, çölümüz də özgəni. Baqa Azərbaycanda yüksək səviyyəli komanda görüb  – “Neftçi” adında.

Aut.az

 

 

Exit mobile version