AUT.AZ

Tovuzda Oqtay Abdullayevə qarşı qiyam

“Turan Tovuz”un öz meydanında “Şamaxı”ya məğlub olması hər kəsi təəccübləndirdi. Bu qarşılaşma ilə bağlı xeyli söz-söhbət yayıldı, “Turan Tovuz”un qəsdən məğlub olması ilə bağlı iddialar səsləndi. Hətta qarşılaşmadan sonra azarkeşlər baş məşqçi Ayxan Abbasovu da zəif oyuna görə hədələdilər.

Tovuzlu azarkeşlər həddindən artıq həssasdırlar. Onlar komandalarının bilərəkdən zəif oynaması faktını qəbul edə bilmir və buna görə hesabat tələb edirlər. Tovuzdan Aut.az-a verilən məlumata görə, bir qrup azarkeş məsələ ilə bağlı toplaşıb və müzakirə aparılıb. Müzakirələr zamanı hər kəsin əldə etdiyi məlumatlar saf-çürük olunub. Yekun qərar belə olub ki, “Turan Tovuz”un “Şamaxı” ilə qarşılaşmada zəif oynamasında baş məşqçi Ayxan Abbasovu günahlandırmaq olmaz. Gəlinən qənaət bu olub ki, bəzi futbolçular həqiqətən də zəif oynayıblar. O futbolçular isə komandada Oqtay Abdullayevin “adamları” sayılırlar.

Fanatlar qərara gəliblər ki, “Turan Tovuz”un növbəti qarşılaşmalarında Oqtay Abdullayevə qarşı etiraz aksiyası keçirsinlər. Tovuzda bəzi şəxslərin buna mane olacağı təqdirdə,  etiraz aksiyası səfər oyunlarından birində də keçirilə bilər.

Etiraz aksiyasının formatı və hansı oyunda keçiriləcəyi ilə bağlı məlumat verilmir.

Aut.az 

 

 

Exit mobile version