AUT.AZ

Şuşanı gec alan əsgəri və Şeydayevi ittiham edən adam

Birinci epizod: Almaniyanın “Ayntraxt” komandası Çempionlar Liqasını qrup mərhələsində öz meydanında Portuqaliya “Sportinq”inə məğlub olur 0:3. Almaniyanın futbol brendi Portuqaliyanın futbol brendindən yüksəkdir. Almaniya Avropanın varlı, Portuqaliya isə kasıb ölkəsidir. Varlı alman azarkeş, kasıb portuqallara böyük hesabla məğlub olan futbolçuları hakimin final fitindən sonra ayaq üstə alqışlayır. Almaniya ona görə varlıdır. Ona görə Almaniyada “Bavariya” olur.

İkinci epizod: Futbolu olmayan Azərbaycanın “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsində varlı, nəhəng futbol ölkəsi olan Almaniyanın “Frayburq”u ilə heç-heçə edir – 1:1. Baxmayaraq ki, azlıqda mübarizə aparırdılar, amma mübarizə apardılar. Oyundan sonra bir neçə azarkeş “Qarabağ”ın futbolçusu Ramil Şeydayevə “formanı çıxart” deyir.  O Ramil Şeydayevə ki, hətta “Səbail”lə qarşılaşmada da “xaltura” etmir, can qoyur meydanda.

Yadıma 44 günlük Vətən müharibəsi düşdü. Kompüterin qarşısında oturan “klaviatura qəhrəmanı” Azərbaycan əsgərini qınayırdı, “Nə oldu, Şuşanı niyə gec aldınız?” deyirdi. Evdə uşağı hava buraxsa, kompüterin qarşısında ürəyi gedəcək adam deyirdi bunu.

Eyni adamdır onlar – dünən Azərbaycan əsgərini qınayırdı, bu gün Ramil Şeydayevi. Heç bir məsuliyyəti olmayan, reallıq hissindən kəm adam.

Reallıq hiss olan adam ən azı özünə bu sualı verməlidir axı: “Futbolu olmayan ölkənin komandası nəhəng futbol ölkəsi olan Almaniya klubuna niyə qalib gəlməlidir?

Məşhur kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov ,“Neftçi” avrokuboklarda məğlub olandan sonra sosial şəbəkə səhifəsində təxminən belə  yazmışdı: “Neftçi”ni niyə tənqid edirsiniz? “Neftçi” bizik, bu cəmiyyətdir. Təhsili, səhiyyəsi belə durumda olan cəmiyyətin futbol komandası “Neftçi” kimi olmalıdır. Bu cəmiyyətdə anormal olan “Qarabağ”dır”.

Yəni doktor demək istəyirdi ki, bu cəmiyyətdə “Qarabağ” olmamalıdır. Yəni doktor həm də onu demək istəyirdi ki, əslində “Qarabağ” normal cəmiyyətlərin komandasıdır. Anormal cəmiyyətdə anormal görünür “Qarabağ” da. Dünən Şuşaya gec daxil olduğu üçün əsgərini, bu gün Almaniya komandasına qalib gələ bilmədiyi üçün futbolçusunu ittiham edən adam. Eyni şəxsdir onlar. Belə cəmiyyət heç vaxt Almaniya ola bilməz. Azərbaycanın Almaniya olması üçün öncə vətəndaşı alman düşüncəsində olmalıdır. “Sportinq”ə böyük hesabla məğlub olan komandasının futbolçularını ayaq üstə alqışlayan almandan gedir söhbət. Bugünkü Almaniya məhz o vətəndaşın əsəridir.

Natiq Muxtarlı

 

Exit mobile version