AUT.AZ

Hər iki halda günah Rəşad Sadıqovdadır

Azərbaycan Premyer Liqasında 13-cü tura noyabrın 4-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

Belə məqamda kiminsə kiməsə yazığı gəlməz

İlk oyun günündə cəmisi bir qarşılaşma baş tutacaq. “Turan Tovuz” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Tovuzluların doğma meydanda “qəddar” olduğu bəllidir. “Şamaxı” da hər kəsin “döydüyü” komanda. Güman etmirik ki, “Turan Tovuz”un “döyülən”ə yazığı gəlsin. Tovuzlular bir qələbə sayəsində avrokuboklar zonasının Astanasında ola bilərlər. Belə məqamda kiminsə kiməsə yazığı gəlməz. Tovuzluları ancaq və ancaq məsuliyyətsiz yanaşma büdrədə bilər.

Bizim proqnoz: “Turan Tovuz”un qələbəsi – 60%, heç-heçə -30%, “Şamaxı”nın qələbəsi – 10%.

Biri sindromdan qurtulacaq, biri isə…

İkinci oyun günündə ilk qarşılaşma Qəbələdə olacaq. Çempionatın qeyri-sabit 2 komandası – “Qəbələ” ilə “Zirə”dən biri sindromdan qurtulacaq, biri isə böhranı daha da dərinləşdirəcək. Ötən tur “Qəbələ” “Sabah” qarşısında nə qədər əzmkar idisə, “Zirə” “Neftçi” önündə o qədər aciz idi. Rəşad Sadıqov heç cür komandasına sabit sistemi aşılaya bilmir. Səbəb nədir: heyətin kasadlığı, yoxsa oyun fəlsəfəsinin işə yaramamağı? Hər iki halda günah Rəşad Sadıqovdadır. “Zirə” Qəbələdə həm də baş məşqçini “günah”ını yumağa çalışmalıdır.

Bizim proqnoz: “Qəbələ”nin qələbəsi – 30%, heç-heçə -40%, “Zirə”nin qələbəsi -30%.

Futbol tanrısı elə dərs verə bilər ki…

Günün digər qarşılaşmasında “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Yox, düşünməyin ki, bu oyunda “Neftçi” asan qələbə qazanacaq. “Sumqayıt”la qarşılaşma, bəlkə də “Neftçi” üçün mövsümün ən çətin oyunlarından biri ola bilər. Əlbəttə, söhbət Samir Abasov amilindən gedir. “Neftçi”də böyük haqsızlıqla üzləşən Samir Abasovdan. Özü də həm rəhbərlik, həm də azarkeşlər tərəfindən. Futbol tanrısı bu qarşılaşmada onlara elə dərs verə bilər ki…

Bizim proqnoz: “Sumqayıt”ın qələbəsi – 30-%, heç-heçə – 30%, “Neftçi”nin qələbəsi – 40%.

Murad Musayevin futbolçuları o “dərsi” unutmayıblarsa…

Sonuncu oyun günüdə ilk qarşılaşma Bayılda olacaq. “Səbail” “Sabah”ı qəbul edəcək. “Sabah”ın işinin asan olmayacağını iddia edə bilərik. Murad Musayevin komandası iddialılarla oyunlarda nə qədər inamlı görünsə də, autsayderlərlə qarşılaşmalarda xal itirmək ehtimalları da bir o qədər böyükdür. Onlar belə aqibəti artıq bir dəfə yaşayıblar. Özü də elə bu “Səbail”lə oyunda. Bəli, “Sabah”ın ilk xal itkisi 5-ci turda öz meydanında “Səbail”lə oyunda olub. Güman edirik ki, Murad Musayevin futbolçuları o “dərsi” unutmayıblar. Unutmayıblarsa, onda “Səbail”in heç bir şansı olmayacaq.

Bizim proqnoz: “Səbail”in qələbəsi – 20%, heç-heçə – 30%, “Sabah”ın qələbəsi – 50%.

“Kəpəz” hələ ki, “barıt” toplasın

Günün və turun son qarşılaşmasında “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Gəncə təmsilçisi ötən tur çempionatda ilk qələbəsini qazandı. Ancaq bu qələbə “Qarabağ”la oyunda heç bir ümid üçün əsas vermir. Heç “Frayburq”la oyunun yorğunluğu da “Kəpəz”ə “dərman” olmaz. “Kəpəz”in hər 10 oyun üçün bir çimdik “barıtı” olar ki, onu da keçən tur atdılar. Hələlik “barıt” toplasınlar.

Bizim proqnoz: “Qarabağ”ın qələbəsi – 70%, heç-heçə -20%, “Kəpəz”in qələbəsi – 10%.

Aut.az

 

 

 

 

 

Exit mobile version