AUT.AZ

Azarkeşlərdən AFFA-ya etiraz

Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qəbələ”ə səfərdə “Sabah”ın qonağı olub və 1:2 hesabı ilə uduzub. Aut.Az xəbər verir ki, sözügedən qarşılaşmada əyalət klubunun azarkeşləri tərəfindən iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı aşkarlanıb.

Bu səbəbdən AFFA-nın İntizam Komitəsi “Qəbələ” azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə görə, klubunun azarkeşlərinin stadiona girişinə 1 oyunluq məhdudiyyət qoyub. Beləliklə, 05.11.2022-ci il tarixində Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” komandasının azarkeşləri stadiona buraxılmayacaq. Bundan əlavə klub 4000 manat cərimə ödəyəcək.

AFFA İK-nın qərarına etiraz edən “Qəbələ”nin “Red Black Army” azad azərkeş qrupu sosial şəbəkə üzərindən bəyanat yayıblar:

“Oktyabrın 30-da baş tutan “Sabah – Qəbələ” matçında baş vermiş hadisələrlə bağlı açıqlama verməyi özümüzə borc bilirik.

Oyundan öncə stadiona qədər yürüşümüz baş tutub. Bu zaman azərkeşliyin qaydalarına uyğun bəstə və şüarlarla komandamızın şanına nəğmələr səsləndirmişik. Bu vaxt ərzində yerli camaat və azərkeşlərlə heç bir insident yaşanmamışdır. Stadionda təhlükəsizliyi təmin etməli olan rəqib klub adətən tribunada qarşılaşan azərkeşlər arasında bir və ya bir neçə sektor ara verməlidir. Lakin sadəcə göz boyamaq üçün mövcud olan bacarıqsız klubunun adi təhlükəsizlik qaydalarını bilməməsi bizi heyrətə gətirir. “Sabah” klubunun adi təhlükəsizlik tədbirlərini yaxşı təmin edə bilməməsi nəticəsində azarkeş qrupumuzun olduğu sektora birləşik tribunada yerli azarkeşlərlər ilə aramızda insident baş verdi. Matçın gedişində adi camatın qrupumuzu başqa yığma “azərkeş qrupları” ilə qarışdırması və azarkeşlərin olduğu tribunadan üzvlərimizə təhqirlər yağdırması vəziyyəti çıxılmaz hala salmışdır. “Red Black Army” azad azərkeş qrupu heç zaman aqressiv bir qrup olmamışdır. Lakin ona edilən hər hansı hücumun cavabını lazımı şəkildə vermişdir.

Bəyan edirik ki, klubumuza verilən cərimələrə görə məyusuq. Lakin bu qərarların düzgün olmadığını və təhlükəsizliyi təmin edilməməsi üçün məsuliyyətin rəqib klubunda olduğunu düşünürük. “1-in üstünə 5-ni qoyub” cərimələr yağdıran AFFA bunu əvvəlki illərdə də göstərmişdir.

Bu qədər absurd qərarı verən qurumun tək məqsədi illərlə olduğu kimi yenədə Qəbələyə zərər vermək istəməsidir. Biz belə uydurma cərimələri çox əvvəllərdə görmüşük . Keçən illərdə Gəncədə və başqa oyunlarda rekord məbləğlərdə cərimələnəndə də hər şeyin fərqində idik. Rəqib meydanda olan insidentlərə görə ev oyununda azərkeşsiz oynama qadağasının verilməsinə isə sadəcə gülürük. “Red Black Army” azad azərkeş qrupu olaraq hər zaman komandamızın yanında olacağıq . Heç bir cərimə və cəzalar bizim dəstəyimizin önünü kəsə bilməz”.

Exit mobile version