AUT.AZ

“Neftçi” üçün 50 milyonluq büdcə – Eksklüziv   

“Neftçi”nin çempionluq mübrizəsindən qopduğu dəqiqdir. Amma “ağ-qaralar”, deyəsən, çempionatda heç 2-ci yeri də tuta bilməyəcəklər. Çünki “Sabah”la mübarizə aparmaq iqtidarında deyillər. Baxmayaraq ki, “Neftçi”nin büdcəsi “Sabah”ın büdcəsindən xeyli çoxdur. Elə bu məqam da xeyli sual yaradır: “Necə olur ki, “Sabah” kiçik büdcə ilə “Neftçi”ni üstələyir.

Bu sual “Neftçi”nin əsas sponsoru SOCAR rəhbərliyini də narahat edir. Artıq ictimaiyyət arasında söz-söhbət gəzir – “Neftçi”də köklü dəyişikliklərin olacağı ilə bağlı. “Sabah”la qarşılaşmadan sonra “Neftçi”dəki durum SOCAR rəhbərliyi arasında geniş müzakirə olunub. İctimaiyyət arasındakı ciddi narazılıq da (“Neftçi” azarkeşləri komandadakı acınacaqlı durumla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfə müraicət ediblər) iclasda müzakirə predmeti olub. Aut.az-a daxil olan məlumata görə, “Neftçi” ilə bağlı ciddi planların reallaşdırılması qərara alınıb.

Qısaca olaraq onu deyə bilərik ki, “Neftçi”nin büdcəsi 50 milyon manata qədər artırılacaq. Ancaq bu büdcə birdən-birə yox, tədricən, 5 il ərzində o səviyyəyə çatdırılacaq.

İclasda indiki rəhbərliyin taleyi ilə bağlı da müzakirələr olub. Bu müzakirələr zamanı birmənalı fikir səsləndirilməyib. Bir qrup, ictimaiyyət arasında tamamilə nüfuzdan düşən hazırkı rəhbərliyin istefaya göndərilməsini təklif edib. Əsas da o olub ki, bu şəxslər qeyri-peşəkardırlar. Onlar 50 milyonluq büdcə ilə də uğur qazana bilməsələr (bu ehtimalın böyük olduğu vurğulanıb), qınaq obyekti SOCAR olacaq. Amma “Neftçi” rəhbərliyinin himayəçiləri də tapılıb SOCAR rəsmiləri arasında. Onlar bu rəhbərliyə bir daha güvənməyi tövsiyə ediblər. Amma bununla bağlı konkret qərar verilməyib, məsələ açıq qalıb. Görünür, “Neftçi” rəhbərliyinin taleyinə SOCAR-ın ən yüksək elitasının məsləhətləşmələrindən sonra aydınlıq gələcək.

Aut.az

Exit mobile version