AUT.AZ

“Qəbələ”nin uşaq futbolundakı savabı və günahı

Son vaxtlar tez-tez bu tip xəbərləri oxumalı oluruq: Azərbaycanda yeni komanda yaradıldı. Və bu komandanın “rəhbəri” dərhal da mətbuata iddialı açıqlama verir: “Məqsədimiz birinci dəstədə oynamaqdır”.

 Amma soruşmamışıq ki…

Nə stadionu, nə bazası, nə uşaq futbolu yoxdur, kağız üzərində komanda yaradıblar, iddia yerə-göyə sığmır. Dərhal bilirsən ki, qeyri-peşəkarlar, ya da “istedadsız dələduzlar”dır (“istedadlı dələduzlar” çoxdan futboldadırlar), futbol vasitəsilə nə isə çırpışdırmaq istəyirlər. Elə əvvəllər də belə olub. Hansısa komanda elitada peyda olan kimi biz jurnalistlər də ancaq bu sualı vermişik: “Avrokuboklara vəsiqə qazanmaq hədəfinizdə var?” Amma soruşmamışıq ki, bünövrəni qurmaq-uşaq futbolunu inkişaf etdirmək üçün nə planlaşdırıbsınız? Uşaq futbolu heç biz jurnalistləri də maraqlandırmayıb.

Yaxşı ki, “Qəbələ” rəhbərliyi jurnalistləri vecinə də almırdı

 Yalnız bir komanda istisna olub. “Qəbələ”ni deyirəm. Azərbaycanın futbol təsərrüfatında yeganə komandadır ki, işə peşəkar amilləri əsas götürərək başlayıblar. Yaxşı xatırlayıram, “Qəbələ” yarandığı ilk illərdə çempionatda zəif çıxış edirdi, əsas diqqəti infrastrukturun qurulmasına yönəltmişdilər. Biz jurnalistlər nə edirdik? Bu yöndə onlara dəstək olmaq əvəzinə, tənqid edirdik: Avrokuboklara iddianız yoxdursa, niyə oynayırsınız?

Yaxşı ki, “Qəbələ”nin rəhbərliyi jurnalistlərin qeyri-peşəkar yanaşmasını vecinə də almırdı, öz işlərində idilər. Bəlli plan vardı: infrastrukturu qurmaq, uşaq futbolunu inkişaf etdirmək. Bunun üçün akademiya yaradıldı. Bir-neçə süni və təbii örtüklü stadionlar inşa edildi. Xaricdən mütəxəssislər dəvət olundu, yerli kadrların təcrübə qazanmasına şərait yaradıldı.

Azərbaycana qalan bu infrastruktur oldu

Daha sonrası isə bəllidir. “Qəbələ”nin əsas komandası da iddialı oldu, ardıcıl iki il avrokubokların qrup mərhələsində də çıxış etdi “Qəbələ”. Maliyyə çatışmazlığı əsas komandanın iddiasını azaltsa da, Azərbaycana qalan uşaq futbolu üçün qurulan infrastruktur oldu. Bəli, əminliklə “Azərbaycana qalan” deyə bilərik. Bu gün Azərbaycan çempionatında, birinci dəstədə çıxış edən istənilən komandanın heyətində “Qəbələ” akademiyasından çıxmış futbolçuya rast gəlmək olar. İndi təsəvvür edin ki, bu akademiya yoxdur, meydana buraxmağa yerli futbolçu tapmaq mümkün olmazdı.

Futbolla təhsili, elmi birləşdirə bilməmək

“Qəbələ” rəhbərliyinin peşəkar planı, necə deyərlər, Azərbaycan futbolunu, bəlkə də xilas edib. “Qəbələ”nin uşaq futbolundakı savabı həqiqətən də böyükdür. Bakıda yerləşən bütün komandaların görə bilmədiyi işi təkbaşına görüblər. Özü də paytaxt komandalarının xərclədiyindən daha az vəsait sərf etməklə. Amma bu qədər tərif bəsdir, indi də keçək tənqidə. Bəs necə oldu ki, Azərbaycan şəraiti üçün mükəmməl sayıla bilən infrastrukturda da yüksək səviyyəli – Avropada oynaya biləcək futbolçu yetişmədi? Bu sual ətrafında xeyli müzakirə aparmışıq, amma özümün gəldiyim qənaət budur: “Qəbələ” futbolla təhsili, elmi birləşdirə bilmədi. Futbola elmi yanaşma tətbiq edilmədi, akademiyadakı uşaqların təhsilinə, şəxsiyyət kimi formalaşmasına ciddi önəm verilmədi. Bəlkə də buna cəhd ediblər, amma bu işi həyata keçirə biləcək yüksək səviyyəli kadr tapa bilməyiblər. Yaxşı təhsil futbolçuların iradəsinin möhkəmlənməsində, özünəinamın yaranmasında, nizam-intizamın formalaşmasında başlıca amildir. Azərbaycanlı futbolçuların əsas bəlası nədir? İradəsizlik, nizam-intizamsız olmaq. Təəssüf ki, “Qəbələ”nin akademiyasında elmin futbola tətbiqinə az önəm verildi. Bu, “Qəbələ” rəhbərliyinin bir günahı.

Məkanın düzgün seçilməməsi

Amma bu günah da əsas deyil. Hətta elmi yanaşmanın olmadığı yerdə də yaxşı futbolçular yetişə bilər. Serxio Ramos adını düzgün yaza bilmirdi, orta təhsilini bir neçə il əvvəl tamamladı. Amma dünyanın ən yaxşı müdafiəçilərindən biri ola bildi.

“Qəbələ” rəhbərliyi məkanı düzgün seçməmişdi. Məkan seçilməsinə də elmi yanaşma tətbiq olunmalı idi. Ölkənin ayrı-ayrı regionlarının futbol ənənəsi araşdırılmalı, infrastruktur da onun nəticəsinə uyğun olaraq seçilmiş rayonda qurulmalı idi. Qəbələdə futbola maraq yoxdur. Əgər avrokubok qarşılaşmasında da 5 min yerlik stadion dolmursa, “maraq yoxdur” iddiamız əsaslıdır. Amma futbola maraq göstərmədikləri üçüm qəbələliləri ittiham edə bilmərik. Ola bilsin ki, bu rayonda futbola yox, məsələn, güləşə böyük maraq var.

Həm də siyasi qərar idi

Qəbələdə futbola marağın olmaması kütləviliyə təsir etdi. Üstəlik, qonşu rayonlarda da köklü futbol ənənələri olmayıb axı. Və beləcə, akademiyaya futbol ənənəsi olan rayonlardan uşaqlar dəvət etməyə başladılar ki, bu da effekt vermirdi. Azərbaycanlı mentaliteti bu işdə də ön plana çıxırdı: kimsə azyaşlı övladını gözündən uzağa buraxmaq istəmirdi.

Qəbələnin yerləşdiyi bölgədə əhali sayı da azdır ki, bu da başqa bir səbəbdir. İndi təsəvvür edin ki, “Qəbələ” rəhbərliyi o infrastrukturu əhalisi 1 milyona yaxın olan, üstəlik, köklü futbol ənənələrinə sahib cənub bölgəsində qurardı. Hə, onda oradan çıxacaq futbolçuların sayı-hesabı olmazdı. Və yaxud  da ki, məkan kimi Qərb bölgəsi seçiləydi. Yenə də uğur əldə ediləcəkdi. Məkan seçilməsində səhvə yol verilməsi də bir günah idi.  Amma onu da anlayırıq ki, bu günah həm də “Qəbələ” rəhbərliyindən asılı deyildi. Çünki infrastrukturun Qəbələdə qurulması siyasi qərar idi. Siyasi qərar olan yerdə isə elmi yanaşmaya yer yoxdur.

Bu infrastrukturu gəlir gətirən biznesə çevirmək mümkündür

Artıq gecdir, indi irəli baxmaq zamanıdır. Necə etmək olar ki, bu mükəmməl infrastrukturdan Azərbaycan futbolunun gələcəyi naminə daha səmərəli istifadə olunsun? “Qəbələ” rəhbərliyi əsas komandadan daha çox bu istiqamətə köklənməlidir. İndi heç kimin tanımadığı bəzi komandaların uşaq futbolundan əldə edilən gəlir Çempionlar Liqasının qalibinin gəlirindən çox olur il ərzində. Bu infrastrukturu gəlir gətirən biznesə çevirmək mümkündür. Sadəcə, yeni elmi texnologiyanı akademiyanın fəaliyyətində ön plana çıxartmaq lazımdır. Futbola elmi yanaşma tətbiq edilməlidir. Təbii ki, bunu tətbiq edəcək kadrlara ehtiyac var. Bizim ali məktəblərdə belə kadrlar hazırlanmır. Lap belə fakültələr olsa da, işə yaramaz. Çünki ali məktəblərdəki təhsilin səviyyəsi kadr yetişdirilməsinə imkan vermir. Ancaq hazırda dünyanın müxtəlif ali məktəblərində futbola istiqamətlənmiş təhsil alan azərbaycanlılar var. Az da olsa var. Təhsili bitirdikdən sonra onları ölkəyə dəvət edib potensiallarından yararlanmaq, bir neçə tələbənin bu sahə üzrə xaricdə təhsil almasını maliyyələşdirmək olar.

Olar, olar, çox iş görmək olar. Bu işi kimsə görməlidir, kimsə qurmalıdır. “Qəbələ”nin uşaq futbolunda savabı da var, günahı da. Amma savabı günahından daha çoxdur. Ancaq ən böyük savab o olacaq ki, bu işi davam etdirsinlər, Azərbaycan futbolunun gələcəyinə yatırımı dayandırmasınalr. Gələcəyə qoyulan yatırımın gətirəcəyi savabın isə dəyəri yoxdur.

Natiq Muxtarlı

 

Exit mobile version