AUT.AZ

Braziliyada da Azərbaycandakı kimidir – futbol mafiyadır

Moskva “Lokomotiv”inin hücumçusu Pedro Qabriel Braziliyada futbol təsərrüfatına müdaxilələr haqda danışıb.

Aut.az xəbər verir ki, Pedro “sport24”-ə verdiyi açıqlamada Braziliyada futbolun az qala mafiyasayağı qruplaşmaların nəzarətində olduğunu deyib. O, dayağı olmayan futbolçunun karyerasının məhvə məhkum olduğunu vurğulayıb:

“19 yaşımda “Korintians”ın futbol məktəbindən qovuldum. Ondan əvvəl məni nə “Santos”a, nə “Atletiko Mineyro”ya, nə də “San Paulu”ya götürmədilər. Mənə dedilər ki, idman parametrləri baxımından uyğun deyiləm. Amma bunun doğru olmadığına əmin idim.

Braziliyada futbol mafiyadır. Mən tək idim – agentlər və PR adamları olmadan. Heç kim mənə dəstək olmurdu. Amma agentləri olan uşaqlar onların vasitəsilə məşqçiyə pul çatdırırdılar ki, komandaya düşə bilsinlər.

Ştat çempionatında “Audaks”ın U-21 komandasında oynayana qədər belə oldu. Həmin vaxt turnirdə əla çıxış etdim və karyeramı düzgün istiqamətə yönəldən agentlə tanış oldum. Necə deyərlər, ələkdən keçməyi bacardım, ədalət qalib gəldi”.

Pedronun sözündən belə çıxır ki, Braziliyada da durum eynən Azərbaycandakı kimidir – futbol mafiyadır və “istedadlı dələduzlar”ın nəzarətindədir.

Aut.az

Exit mobile version