AUT.AZ

“Qarabağ” üçün 5 səviyyəli qapıçı – Fotolar

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada “Nant”a uduzmasının (1:2) əsas günahkarı kimi qapıçısı Şahruddin Məhəmmədəliyev gündəm olub.

Məhəmmədəliyevin Fransa təmsilçisinin ilk qolundakı kobud səhvindən sonra əksəriyyət “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovu tənqid etməyə başlayıb ki, niyə bu qapıçıya güvənməyə davam edir. Qurbanova irad bildirilir ki, niyə “Qarabağ” daha səviyyəli qolkiper transfer etmir.

Aut.az xəbər verir ki, Komanda.az “Qarabağ”a keçərək, “çərçivə”dəki problemləri həll edə biləcək 5 qapıçının siyahısını hazırlayıb. Əminik ki, “Qarabağ” rəhbərliyi də, baş məşqçi Qurbanov da bu 5 qolkiperdən heç birinin gəlişinə etiraz etməz.

1. Mark-Andre ter Ştegen


“Barselona”nın almaniyalı qolkiperi “Qarabağ” üçün ideal variant olar. Kataloniya klubunun Çempionlar Liqası ilə vidalaşıb, Avropa Liqasına düşməsindən sonra “Qarabağ” mütləq ter Ştegen üçün hərəkətə keçməlidir.

2. Keylor Navas


PSJ-nin kosta-rikalı qapıçısı uzun zamandır ki, Paris klubundakı mövqeyindən narazıdır. Navas PSJ-dən ayrılmaq istəyir. “Qarabağ” vaxt itirmədən onunla danışıqlara başlaya bilər.

3. Tibo Kurtua


Kurtua kiçik bir zədə alan kimi ukraynalı qapıçı Andrey Lunin dərhal “Real”ın “çərçivə”sində onun yerini tutdu. Hətta bundan sonra xəbər yayıldı ki, “kral klubu” Luninlə yeni müqavilə bağlamaq istəyir. Ola bilər ki, Kurtua bütün bunlardan küssün, incisin. “Qarabağ” belçikalı qolkiperin emosional vəziyyətindən istifadə edib, onunla danışıqlara başlaya bilər.

4. Yan Oblak


Madrid “Atletiko”sunun Çempionlar Liqası ilə vidalaşmasına, ümumiyyətlə, komandanın çoxdandır heç bir ciddi titul qazana bilməməsinə görə Oblakın canı sıxılmış olmalıdır. Ola bilər ki, sloveniyalı qapıçı artıq başqa “sahillər” görmək fikrində olsun. “Qarabağ” niyə Şahruddini Oblakla əvəz etməsin ki?

5. Manuel Noyer


Almaniyalı qapıçı Şahruddin Məhəmmədəliyevdən fərqli olaraq, ötürmə edərkən topu rəqiblərə yox, komanda yoldaşlarına verir. Ümumiyyətlə, Noyer ayaqla oynamaq baxımından müasir dövrün qapıçıları arasında ən yaxşılardan biridir. Bir sözlə, azərbaycanlı futbol azarkeşlərini tam qane edəcək qapıçıdır. Əminik ki, “Qarabağ” rəhbərliyi və Qurban Qurbanov Noyerə qətiyyən “yox” deməz.

Exit mobile version