AUT.AZ

Onu Rəşad Sadıqov da “döysə”…

Azərbaycan Premyer Liqasında 12-ci tura oktyabrın 28-də start veriləcək. Turun oyunları 3 gün ərzində keçiriləcək.

“Sumqayıt”ın futbolçularında özünəinam olsa…

İlk oyun günündə cəmisi bir qarşılaşma olacaq ki, o da əyalətdə – Tovuzda keçiriləcək. “Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. “Sumqayıt” da vəziyyət o qədər acınacaqlı, bərbad imiş ki, Samir Abasov da düzən yarada bilmir. Güman ki, qış fasiləsinə qədər bunu etmək mümkünsüz olacaq. Yəni “Sumqayıt”ı tam “söküb” yenidən yığmaq lazımdır ki, komanda formasını ala bilsin.

Amma bununla belə, rəqiblərə müqavimət göstərmək də  vacibdir. “Turan Tovuz” öz yerində olduqca inamlı təsir bağışlayır. Ancaq “Sumqayıt”ın futbolçularında özünəinam olsa, tovuzlulara badalaq vura bilərlər. Yetər ki, gözləri meydanı, ayaqları da topu “görsün”.

Bizim proqnozumuz: “Turan Tovuz”un qələbəsi – 50%, heç-heçə – 30%, “Sumqayıt”ın qələbəsi – 20%.

 

“Kəpəz”də toparlanma varsa, deməli…

İkinci oyun günündə – oktyabrın 29-da  ilk qarşılaşma Gəncədə baş tutacaq. “Kəpəz” “Səbail”i qəbul edəcək. Gəncə təmsilçisi ötən tur Qəbələ səfərindən xalla qayıtmaqla hər kəsi təəccübləndirdi. Bəs Qəbələdən gətirilən bir xalın yozumunu necə verək: “Kəpəz”in toparlanması, yoxsa “Qəbələ”nin çöküşü? Bu sualın cavabı məhz “Səbail”lə qarşılaşmada veriləcək. Elə “dənizçilər” də çempionatın autsayderlərindən hesab olunurlar. “Kəpəz”də toparlanma varsa, deməli, “Səbail” Gəncədən 3 xalla qayıda bilməyəcək. Qayıdacaqsa, onda ötən tur əldə edilən 1 xal “Qəbələ”nin çöküşünün “bəxşişi” sayılacaq.

Bizim proqnozumuz: “Kəpəz”in qələbəsi – 30%, heç-heçə – 40-%, “Səbail”in qələbəsi – 30%.

 

Kamran Quliyevi qovmayacaqlar ki… 

Günüm digər qarşılaşmasını turun mərkəzi görüşü də saymaq olar. “Zirə” – “Neftçi” oyunu bir sıra məqamlarına görə cəlbedicidir. “Neftçi” artıq 2-ci pillədən gözünün çəkmiş kimi görünür. Amma “ağ-qaralar” 3-cü yerdən də ola bilərlər. “Zirə” onların əsas təqibçisidir. “Neftçi”nin baş məşqçisi Laurensio Regekampf cari mövsümdə vacib qarşılaşmaların hamısında “döyülüb”. Onu 2 dəfə Murad Musayev şapalaqlayıb, 1 dəfə isə Qurban Qurbanov qulağının dibinə tutarlı yumruq ilişdirib. Rumını bu dəfə də Rəşad Sadıqov “döysə”, “Neftçi”də aləm qarışacaq. Ondan sonra, böyük ehtimalla, Laurensionun qovulması məsələsi gündəmə gələcək. Başqa kim qovulmalıdır, Kamran Quliyevi qovmayacaqlar ki…

Bizim proqnozumuz: “Zirə”nin qələbəsi – 30%, heç-heçə – 40%, “Neftçi”nin qələbəsi – 30%.

 

“Qarabağ” Şamaxıda xal itirsə, təəccüblənmərik

Sonuncu oyun günündə – oktyabrın 30-da meydana öncə “Şamaxı” ilə “Qarabağ” çıxacaq. Bəri başdan deyək ki, “Qarabağ”ın işi heç də asan olmayacaq. Komanda “Olimpiakos”la səfər oyunundan dərhal sonra “Qəbələ”yə yollanmışdı. Bu dəfə isə “Nant”la qarşılaşmadan sonra yenə də eyni bölgəyə getməli olacaq “köhlən atlar”. Amma Şamaxı səfəri Qəbələ zəfərindən daha əziyyətli olacaq. Çünki Şamaxıda süni örtüyün üzərinə çıxmalı olacaq futbolçular. İndi durumun ağırlığını təsəvvür etdiniz? “Qarabağ” Şamaxıda xal itirsə, təəccüblənmərik.

Bizim proqnozumuz: “Şamaxı”nın qələbəsi – 20%, heç-heçə – 30%, “Qarabağ”ın qələbəsi – 50%.

 

Onda “Sabah”ın işi daha çətin olacaq

 Günün və turun son qarşılaşmasında “Sabah” “Qəbələ”ni qəbul edəcək. Artıq “Qəbələ”də böhran” ifadəsini işlədir mətbuat. Komanda “Qarabağ”a məğlubiyyətdən sonra, sanki daxilən sınıb. Onda sonra autsayderlərlə keçirilən iki oyunun heç birində qələbə qazana bilməyib Elmar Baxşıyevin yetirmələri. Bu da “Qəbələ”ni liderlər qrupundan xeyli geri salıb. “Qəbələ” toparlana biləcək? Bunun üçün komandanın potensialı var. Əgər toparlanmağı bacarsalar, onda “Sabah”ın işi “Neftçi” ilə oyundakından daha çətin olacaq. Əks halda “Sabah” asan qələbəyə sevinəcək.

Bizim proqnozumuz: “Sabah”ın qələbəsi – 50%, heç-heçə – 30%, “Qəbələ”nin qələbəsi – 20%.

Aut.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

Exit mobile version