AUT.AZ

“Nant”ın baş məşqçisi dilinin bəlasına düşəcək

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Nant”ın baş məşqçisi Antuan Kombuarenin sərt cəzalanacağı gözlənilir.

Aut.Az xəbər verir ki, Antuan Liqa 1-in XII turunda “Nitsa”ya qarşı keçirdikləri oyundan sonra “Canal+” telekanalına açıqlamasında hakimlərin ünvanına ittihamlar səsləndirib.

O, görüşün hakimini “quldur” adlandırıb:

“Matçın 90+8-ci dəqiqəsində qapımıza təyin olunan penaltiylə qələbədən məhrum olduq. Hər şeyə fit çalan hakim penalti də verər, əlini cibinə atıb qırmızı vərəqə də çıxarar – olsun! Amma mən Fransua Leteksiyerdən istərdim ki, o, heç olmasa VAR-a baxmağa getsin. Dördüncü hakim mənə dedi ki, hakim penalti üçün fit çalmır, çünki top əvvəlcə bədənə, sonra isə futbolçunun əlinə dəyib. Dedim, yaxşı! Mən hələ videoya baxmamışdım. Amma sonra baxdım. Ya mənim gözümü zibil tutub, ya da bu oğlan quldurdur!
“Bizim üçün dramatik olan odur ki, hakim həm də iki futbolçumu qovdu. Cənab Letexiyerin bizimlə problemi var? İndicə öyrənmişəm, amma o, Renndəndir. Onun “Renn” tərəfdarı olduğunu düşünmürəm, bu, biabırçılıq olar. Xüsusilə ona görə ki, “Renn” bizi qabaqlayır.
Ümid edirəm ki, Hakimlər Komitəsi səhvləri başa düşəcək və qırmızı vərəqələri ləğv edə biləcəklər. Çünki bunu qəbul edə bilmirəm”.

“Equipe” Fransa futbol arbitraj qurumu tərəfindən Kombuareyə ciddi sanksiya tətbiq olunacağını iddia edib. Qeyd edək ki, “Nant” – “Qarabağ” matçı oktyabrın 27-də, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Exit mobile version