AUT.AZ

Daha bir komanda regiona göndərilir – Eksklüziv

“Keşlə”nin adının dəyişdirilib “Şamaxı” edilərək eyni adlı rayona köçürülməsindən sonra prosesin davam edəcəyi haqda söz-söhbət gəzirdi. Aut.az-ın AFFA-dakı mənbədən əldə etdiyi məlumata görə, gələn mövsüm daha bir Bakı komandası regiona köçürüləcək.

Cari mövsüm başa çatan ərəfədə bu barədə ictimaiyyətə məlumat veriləcək. Əldə etdiyimiz məlumata görə, “Səbail” komandası Bakıdan çıxarılır. Gələn mövsümdən “dənizçilər” Mingəçeviri təmsil edəcəklər. Komandanın adı da dəyişdiriləcək.

Bildirilir ki, artıq bu barədə Mingəçevir şəhər  rəhbərliyinə məlumat verilib. Şəhərdəki stadion da təmir ediləcək. “Səbail”in rəhbər heyəti tamamilə yenilənəcək.

Komanda Mingəçevirə köçdükdən sonra şəhər icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin nəzarətində olacaq. Komandaya ayrılacaq vəsait də bu qurumlar vasitəsilə veriləcək. O da bildirilir ki, Mingəçevirdə Gənclər və İdman Nazirliyinin nəzdində olan idman komplekslərindən komandanın yararlanmasına şərait yaradılacaq. “Səbail”in Mingəçevirdə daimi məskunlaşması planlaşdırılır.

Komandanın hazırkı sponsorunun – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) maliyyə yardımı ayırmaqda davam edəcəyi də vurğulanır.

Aut.az

Exit mobile version