AUT.AZ

İnanılmaz futbol hekayəsi – Bir mövsümlə tarixə düşən komanda

Mövsümü məğlubiyyətsiz keçirirsən, çempionluq demək olar ki, əlinin içindədir və son anda bu şansı qaçırırsan. İnanılmazdır, deyilmi?

Futbol gündən-günə inkişaf etsə də, müasirləşsə də, keçmişi unutmaq mümkün deyil. Elə komandalar var ki, tarixi ərzində elə bir mövsüm keçirib ki, indiyədək onun nostalgiyası ilə yaşayır. Misal üçün, Azərbaycanın ən köklü klublarından biri olan “Neftçi” indiyədək 1966-cı ildə SSRİ çempionatında qazandığı bürünc medalın eyforiyasından çıxa bilmir. Buna bənzər ən maraqlı hadisələrdən biri isə İtaliya çempionatında yaşanıb. Aut.az İtaliya çempionatının həmin mövsümü ilə bağlı məlumatı təqdim edir:

1978/79 mövsümü… “Peruca” İtaliya A seriyası tarixində ən qəribə mövsümlərdən birinin baş qəhrəmanı olur. Bu komanda heç vaxt İtaliya çempionu olmayıb. Lakin həmin mövsümdə hər şey xoşbəxt sonluqla bitə bilərdi. “Qırmızı-qaralar” dairəvi sistemlə keçirilən Seriya A tarixinə mövsümü məğlubiyyətsiz başa vuran ilk komanda kimi düşdülər. Odur ki, “Peruca”nın çempion olmaması faktı heç bir şəkildə onların bu uğuruna xələl gətirməməlidir.

Əslində əvvəlki mövsümlərdə də “Peruca” layiqli futbol sərgiləyirdi. Lakin titul bir tərəfə qalsın, üç il ardıcıl UEFA Kubokuna vəsiqə verən yerlərdən də son anda kənarda qalırdı. Həmin tarixi mövsümdə isə heç kim onların çempionluğa bu qədər yaxınlaşacağını düşünmürdü. Təsəvvür edin ki, sona altı tur qalmış lider “Milan”dan bir neçə xal geridə qalan “Peruca” ev oyununda da “rossoneri”ni məğlub etməyə yaxın idi. Lakin tərəflər bir qolla kifayətləndi. Mövsümün sonlarında isə yersiz xal itkiləri çempionluq xəyallarının üstündən xətt çəkdi. Doğru deyiblər, titulun taleyinə adətən autsayderlərlə oyunlarda aydınlıq gəlir. “Latsio” və “Napoli” kimi o dövrün güclü komandalarını məğlub edən Peruca təmsilçisi “Katanzaro” və “Verona” kimi zəiflərin müqavimətini qıra bilməyəndə “qatar artıq getmişdi”.

İstənilən halda 1978/79 mövsümü tarixə düşdü. Təkcə ona görə yox ki, ortabab “Peruca” nəhənglərlə çempionluq mübarizəsinə atıldı, həm də mövsümü məğlubiyyətsiz başa vurmağı bacardı.

Həmin komandanı çalışdıran İlario Kastanyer mövsümün sonunda A seriyasının ən yaxşı baş məşqçisi tituluna yiyələndi. Bir neçə ildən sonra isə A seriyasını tərk edən “Milan”ın “sükanı arxasına” keçdi. Birillik fasilədən sonra “rossoneri”ni yenidən İtaliya futbolunun elitasına qaytaran mütəxəssis daha sonra Milanın digər komandası “İnter”in düşərgəsinə keçdi. Həqiqətən ürəkli mütəxəssis idi. Karyerası ərzində skudetto sevinci yaşamasa da, “Peruca”nın tarixində onun xüsusi yeri var. Hətta Kastanyer 2005-ci ilin avqustundan 2006-cı ilin oktyabrına qədər klubun texniki direktoru və fəxri prezidenti vəzifəsini də tutub.

Sonda bir maraqlı faktı da diqqətə çatdıraq. Bu hadisədən bir il əvvəl – 1977/78 mövsümündə “Benfika” da Portuqaliya çempionatında məğlubiyyət tanımamış, sonda isə çempionluq mübarizəsini “Portu”ya uduzmuşdu. Lakin orada qeyri-adi heç nə olmamışdı, Ölkənin iki nəhəng klubu bütün rəqiblərini üstələmiş, öz aralarındakı oyunlarda isə iki dəfə 1:1 hesablı bərabərliyə imza atmışdılar. Hətta “Portu” bir dəfə məğlub da olmuşdu, lakin “Benfika”dan iki oyun az heç-heçə etdiyi üçün finişə 1-ci çatmışdı.

Aut.az

Exit mobile version