AUT.AZ

Gürcülər Avropada – “Siti”nin əfsanəsi, “Ayaks”ın bombardiri

Azərbaycanın bircə futbolçusu da Avropada özünü göstərə bilmədiyi halda, qonşumuz gürcülər saysız-hesabsız həmyerlilərinin “köhnə qitə”də topla sehrbazlıq etmələrindən həzz alıblar, indi də almaqda davam edirlər. Xviça Kvaratsxeliya “Napoli”də  “qan” edir. Gürcü cinah oyunçusu İtaliya çempionatının 10 oyununda 5 qol vurub, 5 məhsuldar ötürmə edib. ÇL-də isə 2 dəfə fərqlənib, 3 dəfə də komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Xviça komandanın ən parlaq oyunçusudur, fanatlar onu “Kvaradona” adlandırırlar.

Amma Xviça Gürcüstanı Avropada təmsil edən ilk futbolçu deyil. Onların, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Aut.az Avropada (Rusiya, Belarus, Ukrayna çempionatları istisna olmaqla) adından söz etdirən bir neçə gürcü futbolçu haqda məlumatı təqdim edir:

Kaxa Kaladze, (“Milan, Cenoa”) – Çempion LPG’delar Liqasının ikiqat qalibi, İtaliya çempionu, İtaliya kubokunun qalibi.

Kaladze 2000-ci illərdə “Milan”ın əsas fiqurlarından olub. O, 10 il bu komandanın müdafiə xəttinin sol cinahında və mərkəzində çıxış edib. Daha sonra isə bir-neçə il “Çenoa”da oynayıb. A seriyasında 247, ÇL-də 70 oyun keçirib.

Levan Kobiaşvili – (“Şalke”, “Frayburq”, “Herta”) – Bundesliqada gümüş medal, Almaniya liqa kubokunun qalibi.

Levan Kobiaşvili “Frayburq”da 5 ili həm kədər, həm də sevinc içində keçirdi – o, ikinci Bundesliqadan avrokuboklara qədər yol keçdi. Sonra “Şalke” və “Herta”nın orta sahəsinin solunda möhtəşəm illər. O, “Şalke”nin heyətində ÇL-in 2005/06 mövsümündə  PSV ilə oyunda het-trik edib.  Elə həmin mövsüm UEFA Kubokunun yarımfinalına yüksəlib. Almaniyada (ikinci liqa, kuboklar və Avropa yarışları daxil olmaqla) 531 oyun keçirib.

Zurab Xizanişvili – (“Blekbern”, “Nyukasl”, “Reyncers”, “Kayserispor”, “Dandi”) – Şotlandiya çempionu, Çempionşipin qalibi.

Mərkəz müdafiəçisi Zurab Xizanişvili Şota Arveladze ilə birlikdə “Reyncers”lə Şotlandiya çempionatının qalibi olub, sonra isə uzun müddət İngiltərəni fəth edib. “Blekbern”lə Premyer Liqanı 6-cı pillədə bitirdi, 2  il UEFA Kubokunda çıxış etdi. Ardınca “Ridinq, “Nyukasl” və daha sonra Türkiyə, Gürcüstan, Azərbaycan çempionatları. Xizanişvili Premyer Liqada 62 oyunda forma geyib. Zurab Azərbaycanda 2015-2017-ci illərdə “İnter”in şərəfini qoruyub, 50 oyun keçirib, 6 qol vurub.

Temuri Ketsbaya – (“Nyukasl”, AEK, “Dandi”)- İngiltərə kubokunun finalçısı, Yunanıstan kubokunun sahibi.

Ketsbaya 3 il “Nyukasl”ın hücumunun mərkəzində oynadıqdan sonra Yunanıstanda da parlaq oyun göstərdi. Daha sonra “Vulverhemton”, “Dandi” və Avropa macərasının başladığı Kipr “Anartosis”ində 5 il. O, Premyer Liqada 76 oyun keçirib.

Aleksandr İaşvili – (“Frayburq”, “Karlsrue”)

Hücumçu Aleksandr İaşvili Levan Kobiaşvili ilə birlikdə “Frayburq”da çətin günlər keçirib. Amma həmyerlisindən fərqli olaraq, 2007-ci ilə qədər (10 il!) “Frayburq”da qalıb. Sonra “Karlsrue”də çıxış edib. Birinci və ikinci Bundesliqa, kubok və avrokubokları nəzərə alsaq, İaşvili Almaniyada 481 oyun keçirib. İaşvilinin də yolu Azərbaycana düşüb. O, 2013-2014-cü illərdə “İnter”də çıxış edib, 33 oyun keçirib, 5 qol vurub.

Georgi Kinkladze – (“Ayaks”, “Mançester Siti”, “Derbi”) – Hollandiya kubokunun qalibi.

Hücumameyilli yarımmüdafiəçi Georgi Kinkladze “Mançester Siti” azarkeşlərini sevimlisi idi. 1996-cı ildə klubu Çempionşipə düşməkdən xilas etməyə çalışdı və Maradonasayağı driblinqləri ilə fanatları heyrətləndirdi.  Həmin vaxt “Siti” azarkeşləri belə mahnı oxuyurdular: “Çempionşipə düşürük, amma qəm etməyə dəyməz, Kinkladze bizimlə qalır”.

“Siti”dən sonra “Ayaks”da, bir neçə mövsüm “Derbi”də, daha sonra “Anortosis” və “Rubin”də oynadı. Kinkladze Premyer Liqada 102 oyun keçirib.

Kaxaber Tsxadadze – (“Ayntraxt”, “Mançester Siti”) – Bundesliqada bürünc medal.

Bakı “İnter”inin sabiq baş məşqçisi, mərkəz müdafiəçisi Kaxaber Tsxadadze 3,5 mövsüm Bundesliqada, bir mövsüm isə Çempionşipdə çıxış edib. “Ayntraxt”ın heyətində 1992/93 mövsümündə Almaniya çempionatında üçüncü yeri tutub. UEFA kubokunun 1/4 finalına və Almaniya kubokunun yarımfinalına yüksəlib. Parlaq Almaniya karyerasından sonra “Mançester Siti”də 2 il keçirib. O, Bundesliqada 64 oyunda forma geyinib.

Levan Mçelidze – (“Palermo”, “Empoli”)

Levan Mçelidze A Seriyasında altı mövsüm oynayıb. İki mövsüm “Palermo”, dörd mövsüm “Empoli” üçün.  Düzdür, o, heç vaxt ulduz hücumçu olmayıb – A Seriyasının 75 oyunundan 55-də əvəzedici kimi meydana çıxıb və 11 qol vurub. İndi Mçelidzenin 32 yaşı var, artıq üç ildir ki, Gürcüstan çempionatında çıxış edir.

Şota Arveladze – (“Ayaks”, “Reyncers”, “Trabzonspor”, “Levante”) – Hollandiya, Şotlandiya çempionu, Türkiyə çempionatının bombardiri.

Şota Arveladze Avropada gürcülər arasında ən çox qol vuran futbolçudur.  O, 2000-ci illərin sonunda “Ayaks”ın ulduzu olub, 96 oyunda 55 dəfə fərqlənib. “Trabzonspor”un heyətində isə 72 oyunda 46 qol vurub. Şotlandiyada bütün titulları qazanıb. 35 yaşında La Liqada 4 oyun keçirib. 15 il ərzində Avropa liqalarında 447 oyun keçirib, 244 qol vurub.

Aut.az

 

 

 

 

 

 

 

Exit mobile version